8-11 mart 2019-cu il
Ş.Məmmədova adına Opera studiyasında məşhur operanın səhnəyə qoyulması
P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasının səhnələşdirilməsi çoxdan arzulanan idi. Ş.Məmmədova adına Opera studiyasının səhnəsində rus bəstəkarının məhşur operası böyük marağa səbəb olmuşdur.
Səbirsizliklə gözlənilən bu premyeranın uğur qazanması bura cəlb olunan bütün iştirakçıların böyük zəhməti hesabına baş tutmuş olur.
P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operası dünya opera musiqisində nadir əsər kimi qəbul olunur və onun səhnə quruluşu heç də asan iş deyil. Odur ki, bu il martın 8 və 11 – də Ş.Məmmədova adına Opera studiyasının səhnəsində keçirilən bu operanın tamaşaları təqdirəlayiqdir. Bununla bağlı olaraq bu tamaşada bilavasitə əməyi olan quruluşçu-rejissor, opera rejissorlarının Beynəlxalq müsabiqələrin laureatı olan Aleksey Smirnovu (Moskva, Rusiya) göstərmək lazımdır. Bununla yanaşı operanın musiqi rəhbəri kimi Opera studiyasının bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti , dirijor Fəxrəddin Kərimov, xormeyster Gülbacı İmanova, konsertmeyster Yuliya Kərimova və quruluşçu-rəssam Elena Bodrovanı qeyd etmək lazımdir (Moskva, Rusiya).
Qeyd edək ki, tamaşada teatrımızın solistləri, Əməkdar Artistlər Fəridə Məmmədova, Anton Ferştandt, Səbinə Əsədova, Adil Axundov və başqaları çıxış ediblər.
P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasının tamaşasında iştirak edənlərin sırasında dəvət olunmuş müğənnilər, BMA-nın vokal kafedrasının tələbələri, Opera studiyasının xoru ilə yanaşı 12 nömrəli uşaq musiqi məktəbinin xorunun bilavasitə iştirakı qeyd olunmalıdır.
Təbii ki, burada Opera studiyasının direktoru Həsənov Hidayət müəllimin əməyi xüsusi olaraq qeyd olunmalıdır. Son olaraq P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasının səhnədə canlandırılmasında BMA –nın təhsil işləri üzrə prorektoru , Azərbaycan Respublikasının əməkdar müəllimi, professor Nərminə xanım Quliyevaya dərin minnətdarlığımızı bildiririk.
Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
professor Ülviyyə İmanova