2 mart 2019-cu il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorant və məzun heyətinin təşkil etdiyi silsilə konsertlər ilk dəfə Xaçmazda, daha sonra Şabranda və nəhayət martın 2-sində Quba şəhərində “Yurdumuza bahar gəlir” adlı konsert proqramı ilə davam etdi.
Konserti Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənt xadimi, professor Gülnaz xanım Abdullazadə və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açdı. Konsert Beynəlxalq və Respublika müsabiqələri laureatı Fəqan Həsənlinin ifasında Ü.Hacıbəylinin “Cəngi” əsəri ilə başladı. Konsertin təşkilatçısı Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə xanım İsmayılzadə, aparıcısı isə Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi və doktorantı Könül Əhmədova idi.
Proqram instrumental və vokal-instrumental əsərlərdən təşkil olunmuşdur: tarda Beynəlxalq və Respublika müsabiqələri laureatı, gənclər mükafatçısı İbrahim Babayev, fortepianoda müşayət edən Beynəlxalq və Respublika müsabiqələri laureatı, gənclər mükafatçısı Vüsal Aydəmirovun ifasında T.Quliyevin “Sənə də qalmaz”, Vittorio Montinin “Çardaş”, Respublika müsabiqələri laureatı ifaçı Orxan Cəlilov və fortepianoda müşayət edən Natiq Yusifovun ifasında E.İbrahimovanın “Ey Vətən”, xalq mahnısı “Qubanın ağ alması”, fortepianoda Fəqan Həsənlinin ifasında K.Sen-Sansın “Danse Macabre”, Beynəlxalq müsabiqələr laureatları, fortepiano dueti nominasiyasında Qran-pri laureatları Ülviyyə Kazımova və Gülnarə Kərimovanın ifasında K.Qlukun “Orfey və Evridika” operasından melodiya, ifaçı Beynəlxalq və Respublika müsabiqələri laureatı Urfan Cəfərov və fortepianoda müşayət edən BMA-nın baş müəllimi və doktorantı Nigar Məlikovanın ifasında F.Əmirovun “Azərbaycan elləri”, N.Valente və E.Taqliaferrinin “Passione”, skripkada Paolo Serrao adına Beynəlxalq müsabiqə laureatı Rəşid Əliyev, fortepianoda müşayət edən Ülviyyə Kazımovanın ifasında Pablo de Sarasatenin “Qaraçı nəğməsi”, Ü.Kazımovanın “Rondo”, fortepianoda Beynəlxalq müsabiqələr laureatı Ceyhun Əzizov F.Listin “Xorovod Qnomov”, T.Quliyevin “Qaytağı”, İngiltərə Musiqi Federasiyasının Azərbaycan üzrə musiqiçi səfiri, ifaçı Gülşən İbadova, müşayət edən Nigar Məlikovanın ifasında V.Adıgözəlovun “Bakı haqqında mahnı”, Vüsal Aydəmirovun ifasında F.Bədəlbəylinin “Dəniz”, V.Mustafazadənin “Bayatı-Şiraz” kompozisiyası, Gülşən İbadova, Orxan Cəlilov və Nigar Məlikovanın ifasında T.Quliyevin “Sevgi valsı”, Gülşən İbadova və Nigar Məlikovanın ifasında A.Laranın “Qranada” və sonda Urfan Cəfərov, Gülşən İbadova, Orxan Cəlilovun ifasında və Nigar Məlikovanın müşayiəti ilə M.Maqomayevin “Odlar yurdu” əsəri səsləndi.
Böyük həvəslə və maraqla təşkil olunan region konsertləri təşkilatçı və ifaçıların vətənpərvər ruhundan irəli gəlir. Xatırlamaq yerinə düşərdi ki, Cənab Prezident İlham Əliyevin sərancamı ilə “Ölkəmizi tanıyaq” tur-aksiyası, Prezident Administrasiyasının təşkilatçılığı ilə bölgələrimizdəki yeni quruculuq işlərinin, müasir komplekslərin, qədim abilərin, maddi-mənəvi sərvətlərimizin məktəblilər tərəfindən tanınması və sevilməsinə xidmət edir. Regionlarda təşkil olunan konsertlər də sanki bu layihənin davamıdır desək yanılmarıq. Belə ki, Ü.Hacıbəyli adına BMA-nın doktorant və məzun heyəti bölgələrdə akademik musiqini, Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərlərini, eyni zamanda xalq mahnılarını vokal ifa tərzi ilə təqdim edərək, region dinləyicilərinin musiqi zövqünü formalaşdırmaqla və onlara klassik musiqini sevdirməklə bu layihəni davam edir. Quba şəhərinin səlahiyyətli nümayəndələri və sakinləri tərəfindən konsert çox yüksək qiymətləndirilərək, bu cür konsertlərin davamlı olmasını arzu etdilər. “Yurdumuza bahar gəlir” adlı konserti müxtəlif Azərbaycan TV kanallarında, qəzetlərdə və saytlarda işıqlandırıldı.
Beynəlxalq və Respublika konsert salonlarında çıxış edən professional ifaçılarımızın Azərbaycanın regionlarındakı konsert salonlarında ifaları, onların bugünkü və gələcək karyeralarında maraqlı səhifələrdən biri olaraq qalacaq.
Könül Əhmədova