20 fevral 2019-cu il
20 fevral 2019-cu il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Baku Chamber Orchestra“ Gənclər Kamera Orkestrinin ifasında “Şnitke. Qarayev. Şostakoviç” adlı müasir musiqi axşamı keçirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır və son illər ərzində klassik musiqi mədəniyyətimizdə öz ifası ilə tanınmış, özünəməxsus yer tutmuşdur. Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, baş dirijoru əməkdar artist Fuad İbrahimov, direktoru BMA-nın Beynəlxalq Ələqələr üzrə prorektoru, xalq artisti, professor Yeganə Axundovadır. Orkestrın tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.
“Baku Chamber Orchestra” H.Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqaz Mədəniyyəti günləri” çərçivəsində Fransanın Bordo şəhərində “Theatre Femina” səhnəsində, “Silk and Fire” beynəlxalq festivalı çərçivəsində Fransanın Mulhouse şəhərində, Almaniyanın “Münhen Yeni Filarmonik Orkestri”nin tərkibində, Türkiyə, BƏƏ, İtaliya, Fransa, Yunanıstan, Özbəkistan, Belçika və Azərbaycanın müxtəlif bölgələrində konsert proqramları ilə çıxış etmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan gənclər günü münasibəti ilə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni irsin təbliği istiqamətində fəal iştirakına görə fəxri diplomlara, “Bakılı Cəmiyyəti” tərəfindən “Humay” milli mükafatına layiq görülmüşdür.
Gecədə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Kamera Orkestri və solistlər - Nəzrin Aslanlı və Rövşən Əmrahovun ifasında Qara Qarayev və Fərəc Qarayevin “Quasi Uno Concerto Grosso” əsəri, Alfred Şnitkenin bir saylı “Concerto Grosso” və Dmitri Şostakoviçin kamera simfoniyası ifa olunub.
Müraciət olunan musiqi repertuarı bütün musiqisevərlər tərəfindən rəğbət hissi ilə qarşılanıb. Konsert öz ətrafına topladığı dinləyicilərin gur alqışları ilə sona çatıb.