29 sentyabr 2026-cı il
29 sentyabr 2026-cı il tarixində Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında tanınmış tədqiqatçı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi, dosent Rauf Bəhmənlinin təqdimatında “Azərbaycan muğam dəstgahlarının quruluşunda xalq rəqslərinin mahiyyəti” mövzusuna həsr olunmuş seminar keçirilmişdir. Seminarda Azərbaycan xalq rəqs melodiyalarının muğam sənəti ilə qarşılıqlı əlaqəsi, rəqs havalarının muğam dəstgahlarının strukturunda qazandığı funksiyalar və müxtəlif tarixi-musiqi mənbələrində bu nümunələrin əks olunması geniş şəkildə təqdim edilib.
Rauf Bəhmənli seminar zamanı Azərbaycan muğam sənətinin quruluş xüsusiyyətlərindən bəhs edərək bildirib ki, muğam dəstgahının musiqi dramaturgiyasının formalaşmasında yalnız əsas muğam şöbələri deyil, müxtəlif instrumental və vokal nümunələr də mühüm əhəmiyyət daşıyır. Rəng, dəraməd, diringi və təsnif kimi janrların dəstgah daxilində müəyyən funksional mövqeyə malik olması muğamın çoxqatlı və mürəkkəb quruluşunu səciyyələndirən əsas xüsusiyyətlərdəndir.
Seminarın əsas istiqamətini isə xalq rəqslərinin muğam dəstgahlarının formalaşması və ifa quruluşundakı funksionallığı mövzusu təşkil edirdi.
Məruzəçi tarixi və not mənbələrinə əsaslanaraq diqqətə çatdırıb ki, bir sıra xalq rəqs melodiyaları sonrakı mərhələlərdə muğam ifaçılığı mühitinə daxil olaraq müxtəlif şöbə və guşələrdə rəng, dəraməd və diringi kimi səsləndirilib. Bu proses nəticəsində melodiyalar yalnız ilkin rəqs funksiyasını qorumaqla kifayətlənməyib, muğamın daxili quruluşuna uyğunlaşaraq yeni musiqi-estetik məna qazanıblar.
Seminarda bu fikirlər konkret musiqi nümunələri əsasında izah olunub. “Tərəkəmə” Segah rəngi, “Beş nömrə” Zabul Segahı dəstgahında Mübərriqə rəngi, “Almazı” Şüştər muğamında Tərkib rəngi, “Reyhanı” Mahur-hindi rəngi və digər rəqs melodiyalarının müxtəlif mənbələrdə muğam dəstgahlarının tərkibində rəng və digər instrumental janr nümunələri kimi təqdim olunmasına diqqət çəkilib.
Rauf Bəhmənli xalq rəqslərinin muğam ifaçılığına keçidini yalnız melodik oxşarlıq baxımından deyil, funksional və struktur dəyişikliklər kontekstində izah edib. Bildirilib ki, müəyyən rəqs melodiyasının konkret muğam şöbəsində səsləndirilməsi həmin melodiyanın xarakterinə, intonasiya xüsusiyyətlərinə və ifa olunduğu pərdələrə uyğunlaşmasını şərtləndirə bilər.
Seminarda müxtəlif dövrlərdə nəşr olunmuş musiqi toplularının bu prosesin öyrənilməsində əhəmiyyəti xüsusi vurğulanıb. Səid Rüstəmov, Əhməd Bakıxanov və Eldar Mansurovun topladığı və nota aldığı nümunələr əsasında xalq rəqs melodiyalarının muğam dəstgahlarında necə yaşadığını izləməyin mümkün olduğu qeyd edilib.
Məruzədə “İnci”, “Bəxtəvəri” və “Səməni” kimi melodiyalar üzərində ayrıca dayanılıb. Bu nümunələrin müxtəlif mənbələrdə fərqli ad və janr xüsusiyyətləri ilə təqdim olunması ənənəvi musiqi nümunələrinin zaman ərzində necə transformasiya etdiyini göstərən maraqlı faktlar kimi səciyyələndirilib.
Xüsusilə “Səməni” melodiyasının timsalında xalq rəqsi, kino və musiqi yaddaşı arasındakı əlaqələr diqqətə çatdırılıb. Melodiyanın “Əhməd haradadır?” filmində səsləndirilməsi və Əlibaba Abdullayevin xoreoqrafik quruluşunda istifadə olunması onun geniş şəkildə tanınmasına təsir edən mühüm amillərdən biri kimi təqdim edilib. Bununla yanaşı, melodiyanın müxtəlif mənbələrdə fərqli adlarla və muğam kontekstində təqdim olunması da elmi baxımdan maraqlı məqam kimi vurğulanıb.
Seminarda diringi janrının xüsusiyyətlərinə də geniş yer ayrılıb. Kiçik həcmli, çevik tempə və oynaq xarakterə malik bu musiqi nümunələrinin muğam dəstgahlarında istifadəsi, eləcə də bəzi hallarda diringi əvəzinə rəqs melodiyalarının ifa olunması ənənəvi ifaçılıq praktikasının janrlararası əlaqələrini göstərən nümunə kimi izah edilib.
Rauf Bəhmənli həmçinin xalq rəqsləri ilə təsnif arasında yaranan əlaqələrdən danışıb. Bəzi rəqs melodiyalarının sonradan onlara şeir mətnlərinin əlavə edilməsi və vokal ifaya uyğunlaşdırılması nəticəsində təsnif və ya xalq mahnısı kimi tanınması prosesi müxtəlif nümunələrlə izah olunub. “Şuşa”, “Dağıstan”, “Gülgəzi”, “İnnabı”, “Pambığı” və “Kəsmə” kimi melodiyalar bu baxımdan diqqətəlayiq nümunələr kimi təqdim edilib.
Məruzənin mühüm hissələrindən biri də melodiyaların ilkin funksiyasının müəyyənləşdirilməsi məsələsinə həsr olunub. Qeyd olunub ki, bu gün müəyyən ad və janrla tanınan musiqi nümunəsinin tarixən hansı funksiyada yarandığını müəyyən etmək üçün müxtəlif dövrlərə aid nota yazılarının, arxiv sənədlərinin, səsyazmalarının və topluların müqayisəli şəkildə araşdırılması vacibdir.
Seminarın sonunda Rauf Bəhmənli təqdim etdiyi materiallar əsasında Azərbaycan xalq rəqsləri ilə muğam sənəti arasında mövcud olan dərin və çoxşaxəli əlaqələri ümumiləşdirib. Vurğulanıb ki, xalq rəqs melodiyalarının muğam dəstgahlarının tərkibində müxtəlif formalarda yaşaması Azərbaycan ənənəvi musiqisinin daxili inkişaf mexanizmlərini, janrlararası qarşılıqlı təsiri və ifaçılıq ənənələrinin davamlılığını öyrənmək baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Elmi seminarda BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə başda olmaqla, laboratoriyanın əməkdaşları iştirak edirdi. Maraqlı və zəngin faktoloji materiallarla müşayiət olunan seminar iştirakçıların böyük marağına səbəb oldu. Seminar sonunda iştirakçılarmövzudaxili müxtəlif suallarla məruzəçiyə müraciət edərək maraqlı disskusiya yaratdılar.
Təqdim olunan musiqi nümunələri və tarixi mənbələr əsasında aparılan təhlillər Azərbaycan muğam sənətinin xalq musiqisi ilə əlaqələrinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir.
Seminarın keçirilməsi ənənəvi Azərbaycan musiqisinin müxtəlif janrları arasındakı əlaqələrin tədqiqi istiqamətində laboratoriyada aparılan elmi fəaliyyətin növbəti nümunəsi kimi diqqət çəkib.
İLAHƏ QİSMƏT q. ABDULLAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi işçi, bəstəkar
