7 iyul 2026-cı il
7 iyul 2026-cı il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Vəliyev tərəfindən elmi seminar keçirilmişdir.
Tədqiqatçı seminar çərçivəsində dahi bəstəkar, professional musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin tamamlanmamış, lakin musiqi tariximizdə xüsusi çəkiyə malik olan ”Firuzə” operası haqqında geniş məruzə ilə çıxış etmişdir. İlk öncə Hacıbəyovlar nəslinin musiqi mədəniyyətimizdəki yeri və rolu, xidmətləri mövzusunda çıxış etmiş, ardından Ü.Hacıbəyli yaradıcılığı üzərində xüsusilə dayanmışdır.
Məruzəçi Məhəmməd Vəliyev öz çıxışında “Firuzə” operasının yaranma tarixinə, əsərin bədii-estetik xüsusiyyətlərinə və bəstəkarın yaradıcılıq irsindəki roluna işıq salıb. Tədqiqatçı operanın nadir materialları, qorunub saxlanılmış fraqmentləri və musiqi dili üzərində aparılan elmi təhlilləri seminar iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Üzeyir Hacıbəylinin dramaturji təfəkkürünün parlaq nümunəsi olan bu əsərin dərindən öyrənilməsi musiqi elmi üçün böyük aktuallıq kəsb edir.
“Firuzə” operasının yazılma dövrü və bəstəkarın arxivindəki elmi-tədqiqat materialları, musiqi dramaturgiyası, əsərin janr xüsusiyyətləri və Ü.Hacıbəylinin üslub xüsusiyyətləri, İsmayıl Hacıbəyovun “Firuzə” operasının bərpasındakı rolu məruzənin əsas istiqamətlərini təşkil edirdi. Əsərin konsertləşdirilmiş variantına da mövzu çərçivəsində toxunulmuşdur.
Seminar Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasının əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Seminarda xalq artisti, professor Ülviyyə Hacıbəyova da iştirak etmişdir.
Çıxışın sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları məruzəçi tərəfindən ətraflı cavablandırılıb. Bu qəbildən olan araşdırmaların milli musiqi irsimizin gələcək nəsillərə ötürülməsində və qlobal miqyasda təbliğində rolu yüksək qiymətləndirilib.
ZÜMRÜD MƏMMƏDOVA
Xalq artisti, dosent, BMA-nın böyük elmi işçisi
İLAHƏ QİSMƏT q. ABDULLAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, elmi işçi, bəstəkar
