7 iyul 2026-cı il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Günay Həsənovanın 2026-ci il iyul ayının 7-də
“Aşıq Ələsgər irsinin Azərbaycan mədəniyyətində yeri” adlı elmi seminarı keçirildi.
G.Həsənova çıxışının əvvəlində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs etdi və sənətkarın həyat yolu, yaradıcılıq xüsusiyyətləri, Azərbaycan mədəniyyətinin inkişafındakı rolu və irsinin müasir dövrdə təbliği məsələlərinə ətraflı şəkildə toxundu. O, həmçinin Aşıq Ələsgərin Göyçə mahalında keçirdiyi uşaqlıq illərini, aşıq sənətinə gəlişini və ustad aşıq kimi formalaşma yolunu xüsusi vurğuladı.
Məruzəçi çıxışının davamında Aşıq Ələsgərin Azərbaycan xalqının mənəvi irsində tutduğu mövqeni qeyd edərək onun yaradıcılığında əks olunan vətənpərvərlik, məhəbbət və təbiət mövzularının təhlilini verdi. Sənətkarın poetik irsinin əsas xüsusiyyətlərini geniş şəkildə araşdıraraq onun qoşma, gəraylı, təcnis və divani kimi klassik şeir formasında yaratdığı nümunələrin Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini vurğuladı və sənətkarın xüsusilə xalq dilindən məharətlə istifadə etməsini, dərin fəlsəfi düşüncələrini sadə və anlaşıqlı formada istifadə etməsini auditoriyanın diqqətinə çatdırdı.
G.Həsənova çıxışında bir çox bəstəkarların Aşıq Ələsgərin sözlərinə bəstələdiyi “Güləndam”, “Ceyran”, “Xoşgəldin”, “Könül istər”, “Qadan alım” və s. mahnıların müxtəlif müğənnilər tərəfindən ifa olunduğunu qeyd etdi. Məruzəçi Aşıq Ələsgərin Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini, onun zəngin irsinin gələcək nəsillərə çatdırılması və milli-mənəvi dəyərlərin qorunmasındakı mühüm rolunu xüsusilə vurğuladı.
Çıxış zamanı Aşıq Ələsgər irsinin müasir dövrdə qorunması və yaşadılması istiqamətində həyata keçirilən tədbirlərə də xüsusi diqqət yetirildi. G.Həsənova sənətkarın həyat və yaradıcılığına həsr olunmuş sənədli filmlər, televiziya proqramları, elmi araşdırmalar və yubiley tədbirləri haqqında məlumat verdi. O, həmçinin Aşıq Ələsgərin vəfatının 100 illiyinin UNESCO-nun 2026–2027-ci illər üzrə tədbirlər proqramına daxil edilməsinin onun yaradıcılığının beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Seminarda, eyni zamanda Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Haqq aşığı” bioqrafik filmindən seçilmiş fraqmentlər nümayiş etdirildi.
Seminarın sonunda Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə seminarı yüksək şəkildə qiymətləndirdi, elmi-tədqiqat laboratoriyasının əməkdaşları G.Həsənovanı təbrik etdi və ona gələcək işlərində müvəffəqiyyətlər arzuladılar.
Elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Süleymanova Ruqiyyə


