23 iyun 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında 23 iyun 2026-cı il tarixində “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifovanın “Faiq Nağıyevin yaradıcılıq portreti” adlı elmi seminarı keçirilmişdir.
Elmi seminarda bəstəkarın həyat və yaradıcılığı müxtəlif aspektlərdən araşdırılmış, Azərbaycan musiqi mədəniyyətindəki yeri ətraflı şəkildə işıqlandırılmışdır.
İlk öncə Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə elmi seminar iştirakçılarını salamlayaraq, Əməkdar incəsənət xadimi, professor Faiq Nağıyevin bu il qeyd olunan yubileyini xatırladı və səmimi arzularını bildirdi. Daha sonra çıxış üçün söz elmi seminarın məruzəçisi Könül Əhmədova-Yusifovaya verildi.
Məruzəçi müasir Azərbaycan bəstəkarlıq məktəbinin diqqətəlayiq nümayəndələrindən biri olan Faiq Nağıyevin yaradıcılıq irsini ardıcıl və sistemli şəkildə təqdim edərək,milli musiqi ənənələrini müasir bəstəkarlıq düşüncəsi ilə uğurla sintez etməsi, musiqi dilinin ifadəliliyi, tembr rəngarəngliyi və obrazlı təfəkkürünü xüsusilə vurğuladı.
Tədbirdə diqqətçəkən cəhətlərdən biri nəzəri təhlillərin audio nümunələrlə müşayiət olunması oldu. Belə ki, “Şəhidlərdən şəhidlərə” kiçik simfonik orkestr üçün süitası, simli kvartet, uşaq xoru üçün “Əl üstə kimin əli”, “Nərgizin mahnısı”, qadın xoru üçün a capella “Layla” əsəri, eləcə də sonata janrında yazılmış əsərlərinin səsləndirilməsi iştirakçılara bəstəkarın yaradıcılıq üslubunu daha yaxından dərk etməyə imkan verdi.
Seminarın sonunda çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi və innovasiya məsələləri üzrəprorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə məruzəni yüksək qiymətləndirərək, öz tövsiyyələrini verdi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev çıxışında Faiq müəllimin kamança ifaçılığı sahəsindəki fəaliyyətinə toxunaraq, onun bu sahədəki zəngin təcrübəsini əks etdirən kitab yazmasının faydalı olacağını vurğuladı, məruzəçiyə maraqlı və dolğun seminarımünasibətilə təbriklərini bildirdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Maya Qafarova isə bəstəkarın yüksək mənəvi keyfiyyətlərini xüsusilə qeyd etdi. Tədbirdə bəstəkarın qızı Nərgiz xanım, nəvəsi Ləman və BMA-nın elmi tədqiqat laboratoriyasının bütün əməkdaşları iştirak edirdilər.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminar bəstəkarın yaradıcılığının öyrənilməsi və təbliği istiqamətində səmərəli elmi müzakirələrin aparılmasına şərait yaratdı.


