• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23-24 aprel 2026-cı il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans zalında aprel ayının 23-24 tarixlərində “AVRASİYANIN  MUSİQİ  İRSİ: ƏNƏNƏ, MODALLIQ, İNNOVASİYA” adlı BEYNƏLXALQ  ELMİ-PRAKTİKİ  KONFRANS keçirildi.

    Konfrans həm yerli, həm də xaricdə yaşayan alim tədqiqatçılar tərəfindən böyük marağa səbəb olmuşdur. Türkiyədən, Qazağıstandan, Özbəkistandan, Qırğısıztandan, Rusiyadan, İran İslan Respublikasından, Almaniyadan konfransın təşkilat komitəsinə məruzələr  göndərilmişdir. Xarici iştirakçıların onlayn çıxışları konfrans çərçivəsində təqdim olunmuşdur. Özbəkistan Dövlət Konservatoriyasının elmlər doktoru, professor Azadgül Taşmatova və baş müəllim Xurşida Mirsolixovanın konfranda iştirakı xüsusi olaraq qeyd olundu. Ümumilikdə konfransın təşkilat komitəsinə 90-na yaxın məqalə daxil olmuşdur.

    Konfransın ilk günü plenar iclasda aparıcı sənətşünaslıq üzrə fəlsəfə dokturu Könül Əhmədova-Yusifova çıxışında bildirdi ki, Avrasiya musiqi irsi sabit model deyil, o daim yenilənən, dəyişən mədəni sistemdir. Qafqazdan Orta Asiyaya, Anadoludan Şərqi Avropaya uzanan məkanın musiqi irsi çoxqatlı tarixi proseslərin, sivilizasiyalararası əlaqələrin, mədəni qarşılıqlı təsirlərin nəticəsində formalaşmışdır. Bu irsdə əsas dayaq olan ənənə, məqam sisteminə əsaslanan musiqi təfəkkürü və XX-XXI ərslərdə yeni mərhələyə qədəm qoyan innovasiya bir-birini tamamlayaraq bütün ərazi üzrə musiqi mədəniyyətini həm qoruyur, həm də onu daim inkişaf etdirir.

    Həmçinin, konfransın bütün iştirakçılarına “MUSİQİ SƏNƏTİNİN ÜZEYİR DÜHASI” adlı kitab da təqdim olundu. Cəmi 3 gün əvvəl işıq üzü görmüş bu kitab Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyası əməkdaşlarının tədqiqatlarını özündə birləşdirən məqalələr toplusudur. Toplu Ü.Hacıbəylinin 140 illiyinə həsr olunmuşdur. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə, xüsusi ilə Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nurida İsmayılzadəyə xüsusi minnətdarlıq bildirildi. 

    Konfrans Azərbaycan Dövlət Respublikasının himninin səsləndirilməsindən sonra açıq elan edildi. Ardınca Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı Laureatı professor Fərhad Bədəlbəylinin iştirakçıları salamlama video çıxışı təqdim olundu.

    Konfrans günlərində həm yerli, həm də xarici alimlərin olduqca maraqlı çıxışları səsləndirildi: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və innovasiya məsələləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin “Ü.Hacıbəylinin  “Leyli və Məcnun”  operası  digər  janrlara təkanverici qüvvə kimi”, Azərbaycan Milli Elmlər Akademiyasının  Memarlıq və İncəsənət İnstitutunun “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq  üzrə elmlər doktoru, professor İradə Köçərlinin “Üzeyir Hacıbəylinin publisistik yazıları I türkoloji qurultayı  kontekstində”, Ü.Hacıbəyli adına BMA-nın “Musiqi  tarixi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Zümrüd Axundova-Dadaşzadənin “Mülayimləşmə” dönəminin musiqi tənqidi”, Ü.Hacıbəyli adına BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovanın “Azərbaycan bəstəkarlarının melodikasında modallığın transformasiyası”, Ü.Hacıbəyli adına BMA-nın “Xor dirijorluğu” kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyev “Azərbaycan bəstəkarlarının əsərlərində millilik ənənəsinin ifadə forması: Fikrət Əmirov “Min bir gecə” baleti”, Ü.Hacıbəyli adına BMA-nın doktorantı Abrishami Vafa Mohammadtaghinin (İran İslam Respublikası) “Əl-Kindidən Əbdülqadir Marağayiyə qədər islam musiqi nəzəriyyəsində musiqinin yazılışında əbcad əlifbasının rolu” və s.

    Plenar iclasda “Sabah xoru”nun ifasında Üzeyir Hacıbəylinin “Sevgili canan” və  Cahangir Cahangirovun “Qarabağ” əsərləri səsləndi. Əsərlərin xor üçün işlənməsi Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrindən ibarət “SABAH Xoru”nun  bədii rəhbəri və dirijoru Dmitriy Bababayeva məxsusdur. Daha sonra Azərbaycan Milli Konservatoriyasının dosenti, beynəlxalq müsabiqələr laureatı  Mehri Əsədullayevanın ifasında və Calal Səmədovun müşayiətilə özbək xalq mahnısı “Səmənginə”, Ü.Hacıbəyli adına BMA-nın “İxtisas fortepiano” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar-pianoçu Sevda Məmmədlinin ifasında “Laçın balladası”, Ü.Hacıbəyli adına BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının  İlyüstratoru, doktorant, Rəşid Behbudov adına Azərbaycan Dövlət mahnı teatrının solisti, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Aynur İskəndərlinin ifasında musiqisi Fikrət Əmirova, sözləri Mirvarid Dilbaziyə məxsus “Azərbaycan elləri” romansı səsləndirildi.   

    Ümid edirik ki, bu cür konfranslar Avrasiya musiqi irsinin daha dərindən öyrənilməsinə və yeni elmi müzakirələrin formalaşmasına töhfə verəcəkdir.

     

    Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi

    Könül Əhmədova-Yusifova