• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 aprel 2026-cı il

    Folklor nümunələrinin toplanması və sistemləşdirilməsi muzey yaradıcılığının əsas istiqamətlərindən biri kimi mədəni yaddaşın qorunmasında mühüm rol oynayır.

    Bu məqsədlə Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadənin müraciəti əsasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin təşəbbüsü sayəsində həyata keçirilən “Bakı folkloru” adlı layihə çərçivəsində 11 aprel 2026-cı il tarixində Şağan qəsəbəsində yerləşən, Sevda Abdullayeva adına “Xəzər” müzeyinin yaradıcısı Səyavuş Əlizadə ilə görüş keçirildi. “Xəzər” muzeyinin yaradılması Azərbaycanın yerli mədəniyyət nümunələrinin toplanması və ictimaiyyətə təqdim edilməsi baxımından əhəmiyyətli mədəni hadisədir. Muzeyin yaradıcısı Səyavuş Əlizadənin fərdi təşəbbüsü və konseptual yanaşması bu mədəniyyət ocağının formalaşmasında əsas rol oynamışdır. Tədbirdə Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Əliyevaya muzeyin yaradılma ideyası, fəaliyyəti və ekspozisiyanın konsepsiyası barədə ətraflı məlumat verildi. Müzakirələr muzeyin elmi-maarifləndirici funksiyalarının və regionun mədəniyyətinin təbliğindəki əhəmiyyətinin daha dərindən anlaşılmasına şərait yaradır.

    “Xəzər” muzeyində qorunan eksponatların əhəmiyyətli hissəsi orijinal materiallardan ibarətdir. Muzey fondunda yazıçı və şairlərin arxiv sənədləri, nadir konsert afişaları, şəxsi musiqi alətləri, imzalı vallar, orijinal rəsm əsərləri, qədim nadir eksponatlar və s. saxlanılır ki, bu da mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.  

    Nəticə etibarilə, “Xəzər” muzeyi mədəni irsin qorunması, folklor və tarixi materialların sistemləşdirilməsi baxımından əhəmiyyətli mədəniyyət məkanı kimi qiymətləndirilə bilər və gələcək elmi araşdırmalar üçün zəngin material bazası rolunu oynaya bilər.

     

     Əliyeva Aynur