2 aprel 2026-cı il
“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti”, “Şöhrət”, “Şərəf” ordenləri laureatı, professor FİRƏNGİZ ƏLİZADƏnin ““Üç suluboya” vokal silsiləsi” adlı elmi seminar Elmi tədqiqat laboratoriyasının elmi işçisi Fidan Nəsirova-Əhmədova tərəfindən keçirildi.
Vokal silsilənin sözləri Xalq şairəsi Nigar Rəfibəyliyə məxsusdur. Soprano, fleyta və hazırlanmış piano üçün əsər ilk dəfə 1987-ci ildə Xalq artistləri Xuraman Qasımova, Telman Hacıyev, Firəngiz Əlizadənin ifasında səsləndirilib. “Üç Suluboya” vokal silsiləsi Amerikada – Marta Elliot, Dawn Upshon, Türkiyədə – Bengi İspir, Avstraliyada – Marta Daniel, Bakıda – Xalq artisti Gülnaz İsmayılova, Afaq Abbasova və s. tərəfindən ifa olunmuşdur. Həmçinin bəstəkarın “Üç suluboya” vokal silsiləsi İsveçrənin “La Strimpellata Bern” ansamblının ifasında zərif, incə boyalarla səsləndirilmiş və Firəngiz Əlizadənin əsərlərindən ibarət kompakt disk buraxılmışdır.
Fidan Nəsirova-Əhmədova qeyd etdi: ““Üç suluboya” vokal silsiləsində Firəngiz Əlizadə gənc bir qadının həyat mərhələlərini göstərən mətnlər seçmiş və bu vokal quruluşları aşağıdakı kimi xarakterizə etmişdir:
1. “Nərgiz” – asanlıqla incidilən, oynaq, gənclik hissləri ilə dolu zərif yeniyetmə;
2. “Qayıqçı” – qayıqçıya aşiq olan gənc qadın;
3. “Gözləyir” – yetkinlik astanasında sevgi hissini gözləmə və ehtiraslı həsrət;
“Üç Suluboya” vokal silsiləsi müntəzəm ardıcıllıqla düzülmüşdür: giriş – “Prelüd”, üç vokal trio, “Postlüd””.
Məruzəçi əsərin dolğun və hərtərəfli təhlilini not nümunələri ilə birlikdə təqdim etdi. Sonda əsər audio formatda səsləndirildi.
Elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nurida İsmayılzadə, elmi işçi Nigar Bayramova məruzəçiyə sual ünvanlayaraq, öz fikirlərini bildirdilər və aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmina Əliyeva, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi Zeynal İsayev mövzu ətrafında geniş dikussiya apardılar. Elmi tədqiqat laboratoriyasının bütün əməkdaşlarının iştirakı ilə baş tutan elmi seminarda məruzəçiyə yeni yaradıcılıq uğurları arzulandı və ona maraqlı seminar üçün təşşəkürlər bildirildi.
Elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifova

