• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 noyabr 2025-ci il

    27 noyabr 2025-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:

    Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayevin  65 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

    Tədbirin giriş nitqi elmi redaktor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə tərəfindən başladıldı. Gülnaz xanım öz çıxışında Zeynal İsayevi yubileyi münasibəti ilə təbrik etdi və çıxışının davamında “Azərbaycan milli çalğı aləti kamança: konstruktiv xüsusiyyətləri və akustik xarakteristikaları” kitabının ərsəyə gəlməsində əhəmiyyətli rola sahib müəlliflərdən biri kimi  Zeynal İsayevin yazıçılıq fəaliyyətini yüksək qiymətləndirdi. Çıxışda eyni zamanda,  Zeynal İsayevin elmi-tədqiqat laboratoriyasında, böyük elmi işçi kimi çalışaraq həm nəzəri, həm də praktik tədqiqatlarla musiqi irsinə verdiyi töhfələr qeyd olundu.

    Tədbirin davamında elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə səsləndirdiyi fikirlərdə Zeynal İsayevin ənənəvi musiqi alətlərinin strukturu,akustik xüsusiyyətləri və bərpası üzrə apardığı araşdırmaların əhəmiyyətini ön plana çəkmişdir. Nuridə xanım çıxışında eyni zamanda Zeynal İsayevin hazırladığı elmi tədqiqatlar haqqında məlumat verdi və onun tədqiqatlarının gələcək nəsil üçün dəyərli mənbə olduğunu vurğuladı.

    Tədbirin sonunda elmi-tədqiqat laboratoriyasının əməkdaşları Zeynal İsayevi təbrik etdilər və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladılar.

     

    Elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Süleymanova Ruqiyyə