21 noyabr 2025-ci il
İsa bəy Hacınski (İctimai-siyasi fəaliyyəti və onun Azərbaycan xalqına verdiyi töhfələri) monoqrafiyanın təqdimatı
“İnsanın həqiqi dəyəri topladıqları ilə yox, bölüşdükləri ilə ölçülür. Yaxşılıq nə qədər səssiz edilsə də, təsiri o qədər gur səslənir.”
Bəli, doğru deyilib. Əgər insan ömür boyu topladıqlarını bölüşmədikdə təbii ki, onun ölçüsü olmaz. Məhz bu yaxşılıqları ilə zamanında çox keşməkeşli həyat yaşamış, lakin bu gün gur səslənən Azərbaycanın tarixi şəxsiyyətlərindən biri - tanınmış bəy nəslindən olan, I Gildiyalı tacir, neft milyonçusu, Fəxri Barışdırıcı hakim, ictimai-dövlət xadimi, xeyriyyəçi və maarifçi İsa bəy Hacınskinin adı xüsusi qeyd edilməlidir. Milli cəsarət və güc tələb edən bir çox işlərin həyata vəsiqə almasında İsa bəy Hacinskinin çox böyük rolu olmuşdur. Belə ki, konkret olaraq əhali arasında savadsızlığı aradan qaldırmaq, insanların mədəni səviyyəsində dönüş yaratmaq, Bakının ictimai-siyasi həyatında yeniliklər etmək o dövr üçün çox da asanlıqla həll olmurdu. Lakin buna baxmayaraq İsa bəy Hacinskinin yaratdığı və bizə ərməğan etdiyi və şəhərimizin ən görkəmli yerlərində vüsət alan və arxitektura baxımından çox gözəl və təmtəraqlı olan uca binaları bir daha bunu təsdiq edir.
Elə bu günlərdə də Bakı milyonçusunun həyat və yaradıcılığına həsr olunmuş bir sıra elm və incəsənət xadimləri, millət vəkilləri monoqrafiyanın işığına toplaşmışdılar. Uzun illərin müşahidə və araşdırmalarının (onu da qeyd etmək lazımdır ki, arxiv materialları əsasında) nəticəsi olan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “İsa bəy Hacınski (İctimai-siyasi fəaliyyəti və onun Azərbaycan xalqına verdiyi töhfələri)” monoqrafiyasını təqdim etmişdir. Monoqrafiyanın təqdimatı 21 noyabr 2025-ci il tarixində Bakı Marriott Hotel Boulevard-ın konfrans zalında keçirilib.
Monoqrafiya təkcə xeyirxah insanların fəaliyyətini deyil, həm də onların yaratdığı dəyərləri, toxunduqları taleləri və cəmiyyətə bəxş etdikləri ümidləri oxucuya çatdırmaq məqsədi güdür.
Nuridə İsmayılzadə özü bu monoqrafiyanın yaranması barədə qeyd edir: “Kitabın yazılması məndən böyük məsuliyyət tələb edirdi. Qərəzsiz, tarixi faktları obyektiv, düzgün çatdıraraq İsa bəyə məxsus olan bütün üstün cəhətləri ona layiqli səviyyədə ictimaiyyətə göstərməliydim. Buna nə dərəcədə nail olduğumu, xalqımızın tarixində unudulmaz iz buraxmış insanın real portretini yaratmaq üçün, onun sosial-iqtisadi həyatda yerini müəyyən etməkdən ötrü mən əlimdən gələni əsirgəmədim. Monoqrafiya tarixi əsər olduğundan mən bir neçə alimin tarix və memarlıqla bağlı elmi-tədqiqat işlərinə istinad etmişəm”.
Monoqrafiya 8 fəsildən ibarətdir. I fəsil – İsa bəy Hacinskinin nəsil şəcərəsi, II fəsil – İsa bəy Hacinski – I gildiyalı tacir, iri mülkədar, neft milyonçusu, III fəsil – Dövlət idarəetmə strukturlarında İsa bəy Hacinskinin rolu və onun fəaliyyətinin əhəmiyyəti, IV fəsil – İsa bəy Hacinskinin ictimai fəaliyyəti, V fəsil – İsa bəy Hacinski – mesenat və maarifçi kimi, VI fəsil – İsa bəy Hacinskinin ailə üzvlərinin həyat tarixçəsi, VII fəsil – İsa bəy Hacinskinin ailəsinin taleyinə cinayətkar sovet siyasi sisteminin təsiri, VIII fəsil – İsa bəy Hacinski nəslinin müasir zamanda layiqli davamçıları (nəvələrinin, nəticələrinin timsalında).
Hər bir fəsil İsa bəy Hacinskinin ictimai fəaliyyətinin müxtəlif istiqamətlərini əks etdirir. Belə ki, kitab İsa bəy Hacinskinin həyatının tanışlığı ilə başlayıb, onun nəsil şəcərəsinin davamçıları ilə sona çatır. Kitabda çoxlu sayda tarixi sənədlər öz əksini tapır.
Kitaba rəy vermiş kitabın redaktoru AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, rəyçilər Filologiya elmləri doktoru, professor, Türk dünyasının araşdırılması üzrə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü Leyla Vəzirova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova və AZ.MİU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, disent Salatın Əhmədova bu kitabın ərsəyə gəlməsində müəllifə öz dərin təşəkkürlərini bildirmişlər.
Monoqrafiyanın təqdimatında Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, Elm və innovasiya məsələləri işləri üzrə prorektor, f.e.d., Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor, Xalq artisti
professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, elmi-tədqiqat laboratoriyasının əməkdaşları, elm xadimləri, Millət vəkilləri iştirak edirdilər.
Təqdimatda redaktor, rəyçilərlə yanaşı, Memarlıq üzrə elmlər doktoru, memar, yazıçı, professor Elçin Əliyev, akademik, Millət vəkili Ziyad Səmədzadə, İsa bəy Hacinski şəcərəsinin davamçısı Millət vəkili Korporasiya Universitetinin rektoru, Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev çıxış etmişlər.
Təqdimatda səslənən fikirlər bir daha sübut edir ki, xeyriyyəçilik sadəcə yardım deyil — insanlıq borcudur, ürəyin səxavətidir, mənəvi zənginliyin ifadəsidir.
