• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 oktyabr 2025-ci il

    Üzeyir Hacıbəyli - 140

    28 oktyabr 2025-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi-tədqiqat laboratoriyasında “Humanitar elmlər” kafedrası ilə birgə musiqi elminin aktual problemlərindən birinə həsr olunmuş, eləcə də Ü.Hacıbəylinin 140 illik yubileyi ilə  əlaqədar olaraq tədbir-mühazirə təşkil olundu. Tədbirdə həmin kafedranın müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyevin “Tarı qoruyanlardan biri” adlı mühazirəsi təqdim olundu. T.Quliyev çıxışında ilk növbədə Ü.Hacıbəylinin məqalələr toplusuna diqqəti yönəldərək burada vacib və Azərbaycan musiqisi üçün böyük əhəmiyyət kəsb edən məqamların dahi bəstəkar tərəfindən böyük uzaqgörənliklə qələmə alındığını vurğuladı. T.Quliyev Ü.Hacıbəylinin elmi tədqiqatlarında konkret və aydın şəkildə Qərbi Avropa və Azərbaycan musiqisinin fərqli xüsusiyyətləri, onun kökləri, musiqi alətlərimiz və s. ilə bağlı vacib qeydlərinin yer aldığını deyərək, görkəmli bəstəkarın XX əsrin 30-cu illərində milli musiqi alətlərimizin “şahı” olan tarın müdafiəsində və məhz bu müdafiənin nəticəsi kimi tarın sonrakı nəsillərə qorunub-saxlanılmasında mühüm rolunu vurğuladı. Belə ki, həmin illərdə XMK-nın sədri Mustafa Quliyev  tarın Azərbaycan Dövlət Konservatoriyasında tədrisindən və musiqi mədəniyyətimizdən çıxarılması ilə bağlı qərarı cəmiyyətdə böyük rezonans və etiraz doğurmuşdu. Ü.Hacıbəyli də mübariz şəkildə, həmin illərin represiya maşınından qorxmayaraq, sinəsini qabağa verərək tarın müdafiəsinə qalxmışdı. Tədqiqatçı-professor Ü.Hacıbəylinin elmi əsərlərində mühüm məqamlara toxunmasını və tara böyük qiymət verərək onun Azərbaycan musiqi mədəniyyəti üçün əvəzsiz musiqi aləti olduğunu elmi əsaslarla böyük peşəkarlıqla sübut etməsindən danışdı.

    T.Quliyevin bu məqaləsi elmi diskussiyaya səbəb oldu. Daha sonra muğam ifaçılığı və əruz vəzni, müasir dövrdə milli musiqi mədəniyyətimizin aktual problemləri kimi mövzular ətrafında geniş müzakirələr aparıldı. Eyni zamanda elmi laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli tarda müxtəlif muğamlardan parçalar ifa edərək irəli sürülən elmi fikirləri musiqi vasitəsilə əyani şəkildə nümayiş etdirdi.

    Tədbirdə Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, BMA-nın  Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə, professor Arif Əsədullayev, eləcə də  laboratoriyanın bütün əməkdaşları və Qazaxıstan Respublikasından gəlmiş qonaq iştirak etmişdir. Tədbir bütün iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və gələcəkdə də belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

     Günel Bəkirova

    Elmi-Tədqiqat laboratoriyasının böyük elmi işçisi,

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru