• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 iyul 2025-ci il

    Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasınln və Gilan Holdingin dəstəyi ilə XlV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.

    Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş Qəbələ Beynəlxalq Musiqi Festivalında Bakı Musiqi Akademiyasının Tələbələri Uğurla Çıxış Etdilər.

    2025-ci il 24-29 iyul tarixlərində keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri möhtəşəm çıxışlarla tamaşaçıları sevindirdilər.

    Akademiyanın müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri – zərb alətləri, fortepiano, nəfəs və nəfəsli orkestr alətləri, eləcə də digər ixtisas sahələri üzrə gənc ifaçılar festivalda iki fərqli konsert proqramı ilə çıxış etdilər. Konsertlərə hazırlıq məqsədilə tələbələr festival günlərində bir neçə intensiv məşq prosesi keçdilər.

    Festivalın üçüncü gününün ilk proqramında “Detaşe-Sabah” violinoçular ansamblının konserti təqdim olundu. Konsertə başlamazdan əvvəl kollektivin bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva çıxış edərək, ansamblın fəaliyyəti barədə məlumat verdi.

    O, bildirdi ki, Bakı Musiqi Akademiyasının “Detaşe-Sabah” violinoçular ansamblı artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Ansamblın özəyini Akademiyanın “Sabah” qruplarının üzvləri təşkil edirlər. 

    İyulun 26-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olundu. Kamera musiqisi axşamında musiqisevərlər qarşısında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri maraqlı konsert proqramı ilə çıxış etdilər.

    Konsertin əvvəlində Xalq artisti, professor Zəhra Quliyeva çıxış edərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qazandığı uğurlarını vurğulamış, bu ali təhsil ocağını bitirmiş gənc musiqiçilərin mədəniyyətimizi ölkə hüdudlarından kənarda müvəffəqiyyətlə təmsil etmələrindən fəxrlə danışmışdır.

    Tələbələr - Aysun Mahmudzadə (soprano), Əli Hüseynli (piano), Özcan Cabbari (violin), Rüfət Məmmədov (zərb alətləti), Zərrin Əliyeva (piano), Cəlalə İsmayılzadə (violençel), Rəşad Abdullayev (fleyta), Qəmər Kərimli (violin), Anar Məmmədov (zərb alətləri), İlkin Məmmədov (saksafon) və Hidayət Sadıqbəylinin (piano) ifasında klassik və müasir əsərlər səsləndirildi, proqram zəngin musiqi repertuarı və yüksək səviyyəli ifalarla yadda qaldı. Hər iki konsert musiqisevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

    Qeyd edək ki, tələbələrimiz eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasında keçirilən “Gənclərə dəstək” layihəsi çərçivəsində də çıxış edərək istedad və peşəkarlıqlarını bir daha nümayiş etdirdilər.

    Festivalın üçüncü günündə Bakı Dövlət Kamera Orkestrinin ifasında parlaq konsert gecəsi baş tutdu. Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Nəzakət Teymurova öz ifası ilə izləyicilərə unudulmaz anlar yaşatdı.

    Bakı Musiqi Akademiyası olaraq, tələbələrimizin bu uğurlu çıxışları ilə fəxr edir, onların gələcəkdə də beynəlxalq səviyyəli layihələrdə ölkəmizi layiqincə təmsil edəcəklərinə inanırıq.