1 iyul 2025-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasında 1 iyul 2025-ci il tarixində
böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Vəliyevin “Üzeyir Hacıbəylinin 1918-1920–ci illərdəki fəaliyyəti” mövzusunda elmi seminarı keçirilmişdir.
Məruzəçi çıxışının əvvəlində dahi bəstəkar, ictimai xadim, publisist, dramaturq, maarifçi Üzeyir bəy Hacıbəylinin özünəməxsus, çoxşaxəli, zəngin yaradıcılığı və əsərləri haqqında ətraflı məlumat vermişdir.
Məhəmməd Vəliyev qeyd etmişdir ki, qəlbi Azərbaycanla döyünən, bütün ömrü boyu xalq üçün yorulmadan çalışan, xalq musiqisindən və muğamlarımızdan ilham alan dahi bəstəkarın və ictimai xadimin qeyd etdiyimiz zaman müddəti ərzində yaradıcılığını iki hissəyə ayırmaq olar.
- Publisist, dramaturq, tərcüməçi, felyetonçu, maarifçi, naşirlik, müxtəlif qəzet və jurnallarda redaktor kimi fəaliyyəti;
- Musiqi yaradıcılığı üzrə fəaliyyəti.
Məruzəçi Ü. Hacıbəylinin “”Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” məqaləsindən sitat gətirərək demişdir: “Təsadüfi deyil ki,Azərbaycanda yeni professional operanın yaranması ilə bir zamanda dördsəsli xor, notlu orkestr, nota salınmış muğamlar meydana gəlmişdir”. Bütün bunlar inkişaf etməkdə olan Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləridir.
Şərqdə və Azərbaycanda ilk operanın təməlini qoyan bəstəkar “Arşın mal alan” operettası və “O olmasın, bu olsun” kimi dillər əzbəri olan əsərləri ilə Azərbaycan dramaturgiyası tarixində də silinməz iz buraxmışdır.
Seminarda məruzəçi, məşhur “Azərbaycan marşı”nın (hal hazırda Azərbaycanın Dövlət Himninin), “Çırpınırdı Qara dəniz” mahnılarının və digər bu kimi bir sıra əsərlərin yaranma tarixləri haqqında da maraqlı məlumatlar vermişdir.
Seminarda iştirak edən Azərbaycan Respublikasının Xalq artisti, professor Ülviyyə Hacıbəyova və laboratoriyanın əməkdaşlarından Zeynal İsayev çıxış edərək, seminarın çox yüksək səviyyədə keçdiyini söyləmiş və məruzəçiyə yeni-yeni uğurlar arzu etmişlər.
Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə tövsiyə və məsləhətlərini vermiş, mövzunun aktuallığını qeyd edərək, gələcəkdə də bu mövzunun davam etdirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir. Ümumiyyətlə, elmi seminar dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.
Elmi-tədqiqat laboratoriyasının
elmi işçisi, doktorant Nazlı Mustafayeva.