• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 iyun 2025-ci il

    Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramova iyun ayının 10-da “Bakı folkloru-Buzovna” mövzusunda elmi seminar keçirtdi.

    O qeyd etdi ki, folklor - xalqların şifahi poetik yaradıcılığı deməkdir. Folklorun tarixi ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Musiqi folkloru isə bir xalqın özünəməxsus musiqisidir, xalq arasında yaranır və nəsildən-nəsilə ötürülür. Bu əsasən mahnı, rəqs və musiqi melodiyaları formasında ifadə olunur. Azərbaycan musiqi folkloru dedikdə, xalqımızın yaratdığı əmək, epik, məişət, qəhrəmanlıq, lirik və satirik mahnılar, rəqs melodiyaları və eləcə də, meyxana, aşıq yaradıcılığı, emosional-obrazlı məzmunu ilə fərqlənən klassik muğam sənəti nəzərdə tutulur. Buzovna folkloru kəndin qədim ənənələrini, inanclarını, şifahi xalq ədəbiyyatını  və adət-ənənələrini özündə əks etdirir. Buzovnada keçirilən xalq mərasimləri, el bayramları folklorumuzun ayrılmaz hissəsidir. N.Bayramova Buzovnada keçirilən Xızır-Nəbi, Novruz, Qədir-Xum bayramlarının xüsusi təntənə ilə qeyd olunduğunu bildirdi. Hətta, hər il may ayının 6-sında Buzovna qəsəbəsindəki R.Axundov adına Mədəniyyət evində keçirilən “Xıdır Nəbi folklor festivalı”nda müxtəlif türk xalqlarının incəsənət xadimləri ilə yanaşı məktəb şagirdləri də iştirak edir. Onlar öz maraqlı çıxışları, musiqi nömrələri ilə festival iştirakçılarını heyran edirlər.

    Daha sonra N.Bayramova el adətimiz olan Buzovna kəndinin toy məclislərindən geniş söhbət açdı. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli folklor ənənələridir – qız bəyənmə, elçilik, nişanlılıq dövrü, xınayaxdı, toy və s. Həmçinin toy və nişan mərasimlərində səslənən xalq mahnıları və bayatılar, yerli musiqi alətləri ilə ifa olunan ritmik havalar Buzovna folklorunun zənginliyini nümayiş etdirir.

    N.Bayramova Buzovna folkloru ilə yanaşı bu torpağın yetişdirdiyi alimlərin, ziyalıların, şairlərin, aktyorların, musiqiçilərin adlarını da sadaladı və onlar haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, folklorun zəngin irsinin bu günə gəlib çatmasında Buzovna sakinlərinin, o cümlədən musiqiçilərin də böyük rolu olmuşdur. Həmçinin N.Bayramova bildirdi ki, Buzovna folkloru Azərbaycan xalqının ümumi mədəni irsinin dəyərli bir parçasıdır. 

    Seminarda Azərbaycanın Əməkdar İncəsənət xadimi, professor, kamança ifaçısı Arif Əsədullayev Buzovnada boya başa çatmış dayısı Azərbaycanın görkəmli xanəndəsi, ustad müəllim Nəriman Əliyev haqqında öz xatirələrini danışdı.

    Qeyd edim ki, seminar boyu folklor nümunələri və musiqi nömrələri səsləndirildi.

    Sonda Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə seminar haqqında öz dəyərli fikirlərini və tövsiyələrini bildirdi.  

    Azərbaycanın paytaxtı olan Bakı şəhəri təkçə siyasi və iqtisadi mərkəz deyil, həm də zəngin folklor irsinə malik bir məkandır. Bakı folkloru bu şəhərin tarixi-mədəni ruhunun bir güzgüsüdür. Düşünürəm ki, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi elmi-tədqiqat laboratoriyasının öhdəsinə düşür.

     

                                           Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının

                                            elmi işçisi, dissertant Nigar Bayramova