• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2025-ci il

    28 May Müstəqillik Gününü həsr olunmuş konfrans-ekskursiya

    26 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Üzeyir Hacıbəyli adına BakıMusiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin 28 May Azərbaycan Respublikasında Müstəqillik Gününə həsr olunmuş elmi-ifaçılıq konfransı keçirilmişdir.

    Tədbir ümummilli lider, müasir və müstəqil Azərbaycanın banisi, qurucusu Heydər Əliyevin müstəqilliyimiz  haqqında çıxışının videoyazısı ilə başladı.

    Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamladı. Məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Baxşiyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, klassik musiqinin təbliğinə göstərdiyi böyük diqqət və qayğısı haqqında danışdı və elmi-ifaçılıq konfransların mahiyyətini vurğuladı. O, qeyd etdi ki, elmi-ifaçılıq konfransları ilk dəfə illər öncə məktəb-studiyanın yaradıcısı və rəhbəri mərhum professor Tərlan Seyidov tərəfindən bir layihə kimi irəli sürülmüşdür. Həmin ənənə bu günə qədər məktəb-studiyanın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova tərəfindən qorunub saxlanılır. 

    Daha sonra məktəbin şagirdləri, gənc məruzəçilər Hüseyn Quliyev (fortepiano), Rauf Bağırzadə (fortepiano), Elşad Məmmədli (truba), Cəlalə İsmayılzadə (fortepiano), Araş Seyfpour (fortepiano), Rasim Əfəndiyev (vokal) elmi-ifaçılıq konfransında çıxışlarında ifa etdikləri dünya klassiklərinin (Edvard Qriq, Friderik Şopen, Viktor Kalinnikov, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və Tofiq Quliyev) əsərlərinin musiqili təhlilini təqdim edərək, müəllimlərin onlara ünvanlanan suallarını cavablandırmışlar.

    Yekun olaraq, məktəbin direktoru Sevda Məmmədova, musiqişünas Vəfa Həmidova çıxış etmiş, şagirdlərə və onları hazırlayan müəllimlərə böyük uğurlar arzulamış, yaradılan şəraitə görə muzeyin rəhbərliyinə dərin təşəkkürlərini bildirmişlər.

    Tədbirdən sonra iştirakçılara ekskursiya aparılmış, maestro Niyazinin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilmişdir.

    Beləliklə, şagirdlər həm elmi-ifaçılıq konfransda çıxışları ilə özlərinin musiqi biliklərini göstərmiş, həm də ekskursiya vasitəsilə maariflənmişlər.