22 may 2025-ci il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanaloqiya və akustika” elmi tədqiqat laboratoriyasının elmi işçisi Fidan Nəsirovanın
“Bəstəkar İlahə Qismətin tar və kannel aləti üçün “Mistik pauza” composition” adlı seminarı keçirildi.
F.Nəsirova çıxışında Azərbaycan bəstəkarlıq məktəbinin yeni nəslinin istedadlı nümayəndəsi, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü İlahə Qismətin yaradıcılığından öz sevdiyi sənət sahəsində məhsuldar şəkildə işləyən, daim öz üzərində çalışan və püxtələşən gənc bəstəkarın yaradıcıllığının janr baxımından çox zəngin və rəngarəng olduğunu qeyd etdi. Bəstəkarın yaradıcılığında “Rəngli lövhələr” uşaq albomu, “Qalaktika” proqramlı prelüdlər məcmuəsi, hərbi orkestr üçün “Müqəddəs Vətən” marşı, fortepiano üçün “Sonatina”, Bəxtiyar Vahabzadənin sözlərinə “Hisslər” adlı romans silsiləsi, simfonik orkestr üçün “ Qələbə “simfonik poeması, “Dədə Qorqud”, “Dəmir yumruq” baletləri, “Kimlik” pantamim tamaşası üçün musiqi və s əsərlərini sadaladı.
Gənc bəstəkarın beş il ərzində çalışdığı, 2021-ci ildə ərsəyə gətirdiyi iki pərdə və altı şəkildən ibarət olan 44 günlük Vətən müharibəsindəki Qələbəyə həsr olunan “Dədə Qorqud“ baletindən bir sıra parçaların “Gəncliyə töhfə” festivalında Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunduğunu vurğuladı.
Tədqiqatçı çıxışı zamanı bəstəkarın yaradıcılığında xüsusi yer tutan 2019-cu ildə “Nəsimi ili “ çərçivəsində bəstələnən və ABŞ-ın Nyu–York şəhərində keçirilən Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsertdə pianoçu Fəqan Həsənlinin ifasında səslənən “The World of Nasimi “(Nəsimi dünyası) kompozisiyasını diqqətə çatdırdı.
Elmi işçi çıxışını davam etdirərək bəstəkarın “Bəstəkar İlahə Qismətin tar və kannel aləti üçün “Mistik pauza” composition” adlı bəstəkarın özünün qeyd etdiyi kimi eksperimental musiqi əsərinə və onun kompozisiya xüsusiyyətlərinə geniş şəkildə toxunmuşdur. Çıxışda ilk növbədə əsərin yaradılma konteksti və adı ilə bağlı bəstəkarın verdiyi açıqlamalara istinad edilmiş, xüsusilədə “LOLA” audiovizual yayım sisteminin bu əsərdəki rolunu və texnoloji imkanlarını qeyd etdi.
F.Nəsirova bəstəkarın Azərbaycan tarı və Estoniyanın milli musiqi aləti olan kannel arasında qurduğu musiqi dialoqunu diqqət mərkəzinə gətirərək, bu iki fərqli alətin tembr və səs quruluşu baxımından bir-birini necə tamamladığını araşdırdı. Alətlərin birlikdə yaratdığı musiqi məkanında yeni bir ünsiyyət forması yaranması ideyasını vurğuladı və bu bədii yanaşmanın bəstəkarın üslubuna uyğunluğunu izah etdi. Eyni zamanda, bəstəkarın muğam intonasiyalarına istinad etməsi və bu janrdan bəhrələnməsi əsərin milli-estetik yükünü artıran mühüm elementlər kimi təqdim olunmuşdur.
Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Nuridə İsmayılzadə, böyük elmi işçi Zeynal İsayev, bəstəkar Rüfət Ramazanov seminarın mövzusu ilə əlaqədar öz dəyərli fikirlərini söylədilər.
R.SÜLEYMANOVA
Elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru , dosent.