15 aprel 2025-ci il
Aprelin ortasında Almatıda, Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasında "Musiqi türkologiyası bu gün: problemlər və perspektivlər" mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbir çərçivəsində "Türkdilli ölkələrin milli musiqi alətləri" kitabının təqdimatı baş tutub(layihə rəhbərləri: Ü.Hacıbəyli adına BMA-nın rektoru Fərhad Bədəlbəyli və Türk Mədəniyyəti və İrsi Fondunun I prezidenti Günay Əfəndiyeva). Bulat Karakulov adına Türk Musiqi Mədəniyyəti və İrsi Mərkəzinin açılışı da mühüm hadisə olub.
İştirakçıları görkəmli ictimai xadim, tədqiqatçı Oljas Süleymenov, ünlü etnomusiqişünas İzali Zemtsovski, ICTMD-nin səfiri, professor Düsen Kaseinov, Qazaxıstan Milli Konservatoriyasının rektoru Gauhar Tasbergenova, həmçinin ICTMD prezidenti Tang Sui Beng, ICTMD-nin müxtəlif tədqiqat qruplarının sədrləri Raziya Sultanova, Abdulla Akat, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova salamlayıblar. Konfransın məramı haqqında tanınmış alim, elmlər doktoru Saule Uteqaliyeva məlumat verib.
Konfransda Türkiyə, Özbəkistan, Qırğızıstan, ABŞ, Yaponiya, Almaniya, Rusiya, Polşa, Sloveniya, Xorvatiyadan alimlər iştirak ediblər. Ü.Hacıbəyli adına BMA-nın professoru Zümrüd Dadaşzadə forumun işində fəal iştirak edib. Plenar iclasda Z.Dadaşzadə "Hacıbəylidən müasir dönəmə doğru: Azərbaycan musiqisində ənənəvi alətlərin rolunun transformasiyası" mövzusunda məruzə ilə çıxış edib. O,habelə Avrasiyanın türk xalqlarının musiqi alətləri və instrumental musiqisi, türk xalqlarının ənənəvi musiqi janrlarının oxşarlığı və fərqi ilə bağlı problemlərin müzakirə olunduğu şöbəyə moderatorluq edib.
Z.Dadaşzadə "Üzeyir Hacıbəylinin şəxsiyyəti və yaradıcılığı: XXI əsrdən baxış" mövzusuna həsr olunmuş ustad dərsi də keçirib. Musiqişünas Üzeyir bəyin fəaliyyətinin çoxcəhətli mahiyyətini təqdim edib, bəstəkarın ideyaları prizmasından müasir Azərbaycan musiqisinin panoramını sərgiləyib.
Türk dünyası musiqisinin parlaq palitrasını təqdim edən konsertdə Beynəlxalq Muğam Mərkəzinin triosu – Ayşən Mehdiyeva (xanəndə), Rüstəm Müslümov (tar), Ceyhun Muradov (kamança) çıxış edərək xalq mahnıları və "Qarabağ şikəstəsi"ni səsləndiriblər.