• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 aprel 2025-ci il

    Azərbaycan bəstəkarlarının operetta və musiqili komediya əsərlərində rəqslərin rolu

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rüqiyyə Süleymanovanın  2025-ci il aprel ayının 15-i  BMA-nın kiçik zalında “Azərbaycan bəstəkarlarının operetta və musiqili komediya əsərlərində rəqslərin rolu”  adlı elmi seminarı keçirilib.

    Dosent Rüqiyyə Süleymanova öz məruzəsində operetta janrının yaranma tarixi və dramaturji xüsusiyyətləri haqqında ətraflı çıxış edərək, Azərbaycan incəsənət tarixində XX əsrin əvvəllərində komediya janrının ilk nümunəsi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yaradıcılığında təşəkkül tapmasını və müasir dövrümüzə qədər öz aktuallığını qoruyub saxladığını vurğulayıb. Bəstəkar komediyalarında dramaturgiyanı musiqi ilə qovuşduraraq milli komediya janrının əsasını qoymuşdur.  Onun “Ər və arvad” əsəri Azərbaycanda ilk musiqili komediyadır. Təbii ki, bu əsərdən sonra “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərləri ərsəyə gəlmişdir.  

    Dahi bəstəkarın operetta və musiqili komediya əsərləri bu janra müraciət edən bütün bəstəkarlar üçün sözün əsl mənasında yaradıcılıq yolunun düzgün istiqamətləndirilməsində əsas meyar olmuşdur. Üzeyir bəyin həm müasirləri, həm də özündən sonra gələn bəstəkar nəsli üçün yaratdığı əsərlər, musiqili komediya və operetta janrının sonrakı inkişafında mühüm rol oynamışdır. Bəstəkarlar Nəriman Məmmədov və Tofiq Bakıxanovun birgə yazdığı “Altı qızın biri Pəri”, Süleyman Ələsgərovun “Ulduz” operettası, “Əhməd haradadır?”  ilk musiqili komediya film özünəməxsusluğu ilə fərqlənir. Bu filmlərin uğurlu alınmasında korifey aktyorların rolunu xüsusi vurğulamaq lazımdır. Məhz aktyorların yaradıcılığına qısa ekskursiya edən məruzəçi, onların musiqili komediya teatrında fəaliyyətləri və bu operetta və musiqili komediyalarda qeyri-adi, özünəxas ifalarını qeyd edib. Həmçinin, seminarda operetta və musiqili komediyalardan fraqmentlər də təqdim olunub.

    Elmi seminarda BMA-nın müəllim və tələbə heyəti, elmi-tədqiqat laboratoriyasınıın əməkdaşları iştirak ediblər.     

    Sonda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə seminar aparıcısına, laboratoriya  əməkdaşlarına öz təşəkkürünü bildirib. 

    Nəsirova-Əhmədova Fidan

    Ü.Hacıbəyli adına BMA-nın

    elmi-tədqiqat laboratoriyasının

    elmi işçisi