10 aprel 2025-ci il
10 aprel 2025-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanaloqiya və akustika” elmi tədqiqat laboratoriyasının, aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayevanın və aparıcı elmi işçisi, peşəkar bəstəkar Rüfət Ramazanovun, “Cavanşir Quliyev yaradıcılığının özünəməxsus xüsusiyyətləri” adlı müştərək elmi seminarı keçirildi.
Seminarda sevilən bəstəkarın yaradıcılığına xronoloji ekskurs edilərək bir çox əsərləri haqqında dəyərli fikirlər söylənilmişdir. Vətən, türkçülük ideyalarının onun yaradıcılığında hər zaman ana xətt olaraq keçdiyi bildirilmişdir. Bu da əlbətdə ki, bəstəkarın dünyagörüşü, bədii-estetik baxışları ilə bağlı idi. C.Quliyev gənc yaşlarından etibarən əsərlərində xalq musiqisini müasir musiqinin ifadə vasitələri (xüsusən idarəolunan alleatorika) ilə sintez etməyə çalışmış, neo-folklorizm cərəyanına peşəkarcasına müraciət etmişdir. M.Rzayeva bəstəkarın əsərlərində aşıq intonasiyarın (saz və tar milli alətlərinin yamsılanmasının) istifadəsinin onun üçün özünəməxsus “şəxsi imza” olduğunu və arxaik formada milliliyi ifadə etdiyini bildirmişdi. Mehparə xanım seminar əsnasında neo-folklorizm cərəyanının tarixindən də ətraflı bəhs edərək A.Əlizadə, F.Əlizadə, F.Qarayev, kimi dünyaşöhrətli bəstəkarların adlarını çəkmişdir.
Uzun illər Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olan, bəstəkar R.Ramazanov C.Quliyevin əsərlərində milli alətlərin rolunu və həmin alətlərin ifasında maraqlı intonasiyalar, tapıntılar olduğunu bildirmiş, xüsusi ilə, 1980-cı illərdə yaradılan “zurna və orkestr üçün uvertyura” əsərində alətin ciddi qanunauyğunluqlar çərçivəsində mükəmməl istifadə edildiyini qeyd etmişdir. Bəstəkarın “Topal Teymur” televiziya tamaşasında və “Fəryad” filminin musiqisində istifadə edilən yazı texnikası haqqında maraqlı fikirlər söyləmişdir. Cavanşir Quliyevin 2020-i ildə qələmə aldığı “Müşfiq ağıları” (söz, Sabir Rüstəmxanlı) əsəri maraqlı disskusiyalara səbəb olmuşdur.
Sonda məruzəçilər C.Quliyevin bu il 75-ci il dönümü ərəfəsində olduğunu vurğulayaraq, bəstəkara can sağlığı və bol yaradıcılıq uğurları arzuladılar.Seminar əsnasında bəstəkarın bir sıra əsərlərindən musiqi nömrələri səsləndirildi.
Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bu tədbirin önəmini vurğuıayaraq mövzunun davam etdirilməsinin doğru olacağını söylədi. Ümumiyyətlə, elmi seminar dinləyicilər tərəfindən rəğbətlə qarşılanmış, və müəlliflərə sonrakı araşdırmalarında uğurlar arzu edilmişdir.
Əfəndiyev Ayxan
Elmi-tədqiqat laboratoriyasın elmi işçisi, doktorant