• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 fevral 2025-ci il

    2025-ci il 10-13 fevral tarixlərində Xlll Beynəlxalq Musiqi və Rəqs konqresi Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirildi.

    Dohanın mədəni mərkəzi olan “Katara Oud Center”də keçirilən konqres Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistan universitetlərinin tərəfdaşlığı ilə keçirilmişdir.

    Mövzu dairəsi geniş olan konqresdə “Azərbaycan bəstəkarlarının simfonik əsərlərində 90-cı illərin faciələri”, “Fortepiano Musiqisində Mistik Obrazların görünüşü”, “Adil Bəbirovun fortepiano musiqisi”, “Əli Haqverdiyevin vokalçı, aktyor və rəssam kimi Azərbaycan mədəniyyətində yeri və əhəmiyyəti”, “Folklor irsinin Azərbaycan fortepiano repertuarında təcəssümü”, “Repressiya illərində (1937-38) Azərbaycanın sosial-mədəni inkişafında mühüm əhəmiyyət kəsb edən beş Qadının Taleyi”, “Görkəmli bəstəkar Firəngiz Əlizadənin əsərlərinin Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanıdılmasındakı əhəmiyyəti”, “Azərbaycandakı azlıqların musiqisinə ümumi baxış”, “Safiyəddin Urməvinin Ədvar Sisteminin Müasir Musiqidə İstifadəsi”, “Bəstəkar Həsən Ağa Adıgözəlzadənin Türkiyə Musiqi Mədəniyyətinin İnkişafında rolu”, “Bəstəkar Güneş Açıkgözün "Arslantəpənin səsi" əsəri ilə tarixə toxunması”, “Afaq Cəfərovanın “Fortepiano üçün altı prelüd” silsiləsinin xüsusiyyətləri”, “Azərbaycan cazının estetik sərhədləri: ənənəvilikdən modernizmə” kimi istiqamətləri əhatə edir.

    Konfransı giriş sözünü konqresin rəhbəri, professor Kürşad Gülbəyaz və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova açaraq, bütün konfrans iştirakçılarını salamladılar.

    K.Gülbəyaz türk dünyasının birliyinə, digər ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinə toxundu.

    Lalə Hüseynova isə türk xalqları və onların musiqisi üçün bu konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bütün iştirakçılara uğurlar arzu etdi.

    Professorlar Elnarə Məmmədova, Həbibə Məmmədova, Afaq Rüstəmova, dosentlər Xatirə Həsənzadə, Nuridə İsmayılzadə, Turan Məmmədəliyeva, Həqiqət Yusifova, Nərgiz Hüseynova, Zümrüd Məmmədova, Nərgiz Salmanlı, Züleyxa Abdulla, baş müəllimlər Sevda Məmmədli, Zərif Kərimova, doktorant İlahə Abdullayeva-tədqiqatçılara, konfrans elmi ideyalarını bölüşmək və maraqlı mövzular ilə çıxış etmək imkanı yaratdı.

    Məruzələr maraqlı video-çarx müşayiətilə təqdim olundu.

    Musiqişünas və ifaçıların musiqi sənətinin mühüm sahələrini əhatə edən məruzələrindən sonra bədii hissəyə yer verildi.

    Konqresin bədii hissəsində Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olundu.

    Konsertdə istedadlı ifaçılarımız - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Nərgiz Salmanlı (Sergey Raxmaninov - “Elegiya”, “Здесь хорошo”), baş müəllim Zərif Kərimova (Üzeyir Hacıbəyli - “Arazbarı”, Güneş Açıkgöz - “Death in the water”, Aytən İsmixanova - “Bakı”, Zərif Kərimova - “Climate change” [fleytada Nərgiz Əliyeva]),  baş müəllim Sevda Məmmədli (“Laçın balladası”, Ü.Hacıbəylinin “Arşın mal alan” mövzuları əsasında Fantaziya, Sevda Məmmədli “Qarabağ naxışları”, Telman Hacıyev “Abşeron”, “Sarı gəlin” xalq mahnısı - fortepiano üçün işləyəni Sevda Məmmədli) parlaq ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

    Tədbirdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov iştirak etmişdir. Səfir A.Məmmədov beynəlxalq konqresin əhəmiyyətindən danışaraq, musiqi mədəniyyətimizin peşəkar təbliğatçılarına-konqres iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirmişdir. O, bu kimi tədbirlərin türk dünyasının birliyinin, həmçinin türk xalqlarının ortaq mədəniyyətinin formalaşmasında müstəsna rolunu qeyd etmiş və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

    Dörd gün davam edən konqres uğurla başa çatdı.

    Sonra Qətər Dövlətindəki səfirliyimizin nümayəndələrinin təşkilatçılığı ilə konqres iştirakçıları paytaxt Doha şəhərinin görməli yerlərinə səfər edərək, Qətərin tarixi və mədəniyyəti ilə yaxından tanış olmuşlar.

    Konfrans müddətində musiqiçilərə göstərilən diqqət və şəraitdən hər kəs böyük məmnunluq və xoş  təəssüratlar əldə etmişlər.