• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

7 fevral 2025-ci il

"Qış Nağılı" Beynəlxalq Musiqi Festivalı Qəbələ uğurla keçirildi.

7-10 fevral 2025-ci il tarixlərində Qəbələdə keçirilən "Qış Nağılı" Beynəlxalq Musiqi Festivalı musiqisevərlərə unudulmaz anlar yaşatdı. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Gilan Holdingin dəstəyi ilə gerçəkləşən festival Azərbaycanın və dünyanın məşhur musiqiçilərini bir araya gətirdi.

Festival Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında "Viva Opera" adlı möhtəşəm açılış konserti ilə başladı. Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə təqdim olunan bu konsertdə dünya şöhrətli ifaçılar – Vanessa Qoykoeçea (İspaniya), Sercio Vitale (İtaliya) və Azərbaycanın fəxri, tanınmış tenor, Xalq artisti Yusif Eyvazov çıxış etdilər.

Tədbirdə ön sözlə Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyeva çıxış etmişdir. Festivala təşrif buyuran bütün qonaqları salamlayan Z.Quliyeva ilk dəfə keçirilən “Qış Nağılı” adlı musiqi festivalının əhəmiyyətindən danışıb, bütün ifaçılara uğurlar arzulamışdır.

Festival çərçivəsində keçirilən konsertlərdən biri də 8 fevral tarixində baş tutan "Kamera Musiqisi Axşamı" oldu. Heydər Əliyev Konqres Mərkəzində keçirilən bu tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli (piano)  çıxış etdilər. Onlarla yanaşı Xalq artisti Murad Adıgözəlzadə (piano), Dmitri Sitkovetski (violin, Böyük Britaniya), Yusif Eyvazov (tenor), Sercio Vitale (bariton, İtaliya), Vanessa Qoykoeçea (soprano, İspaniya) kimi dünya şöhrətli musiqiçilər də çıxış etdilər.

9 fevralda Bakı Kamera Orkestrinin konserti xüsusi maraq doğurdu. Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə keçirilən bu tədbirdə  xalq artistləri Fərhad Bədəlbəyli (piano), Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova (piano), Murad Adıgözəl-zadə (piano) və Nəzrin Aslanlı (violin), Nigar Cəfərova (soprano) çıxış etdilər. Konsertdə klassik musiqi həvəskarları üçün yüksək səviyyəli ifalar təqdim olundu.

Festival çərçivəsində Aydar Qaynullin və "Eyforiya" ansamblının konserti (9 fevral) və Polşadan dəvət olunmuş "GlassDuo" ansamblının ifası (10 fevral) da tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Bağlanış mərasimində "Qaytağı" instrumental ansamblı səhnəyə çıxaraq festivalı milli musiqimizin parlaq nümunələri ilə tamamladı. Xalq artisti Ənvər Sadıqov (akkordeon) və əməkdar artist Emil Əfrasiyab (piano) festival iştirakçılarına unudulmaz musiqi axşamı yaşatdılar.

"Qış Nağılı" Beynəlxalq Musiqi Festivalı bir daha sübut etdi ki, Azərbaycan klassik və dünya musiqisinin vəhdətini yaradan mötəbər sənət platformalarından birinə çevrilməkdədir.