28 yanvar 2025-ci il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının elmi işçisi Bəsti Kazımovanın “Qərbi Azərbaycan folkloru musiqişünasların elmi tədqiqatlarında” adlı seminarı keçirildi.
Bəsti Kazımova çıxışında azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkan olan Qərbi Azərbaycanın çox zəngin tarixi ilə yanaşı , zəngin folkloru haqqında ətraflı məlumat verdi. Eyni zamanda Ağbaba, Göhçə,Zəngəzur, Zəngibar, Dərələyəz və bir sıra başqa mahnıları ilə tanınan bu bölgələrin milli musiqimizin formalaşmasnda oynadığı mühüm rolunu qeyd etdi.
Müəllif çıxışının davamında Qərbi Azərbaycan folklorunun öyrənilmsi sahəsində musiqişünas folklorşünas və etnoqrafların musiqi elminin inkişafına və ənənəvi musiqimizin qorunmasına verdikləri əvəzsiz tövhələri işıqlandırdı və filologiya elmləri doktoru professor Həsən Mirzyevin 2006- cı ildə tərtib etdiyi 768 səhifədən ibarət “Dərələyəz” folkloru adlanan kitabı haqqında söz açdı.
Müəllif həmçinin Azərbaycan folklorunun xüsusilə xalq rəqslərinin məhsuldar tədqiqatçılarından biri olan sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” adlı kitabında müəllifin həmin bölgəyə aid olan 43 yallı havasının nota salınmasını, tutarlı faktlar və açıq dəlillər əsasında bu rəqslərin ermənilər tərəfindən saxtalaşdırılmasının sübutunu və 2022-ci ildə Azərbaycan dilində nəşr olunan bu kitabın Qərbi Azərbaycan icmasının dəstəyi ilə rus və ingilis dillərinə tərcümə olunmasını vurğuladı.
Bəsti Kazımova çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri olan tanınmış musiqi xadimlərinin fəaliyyəti ilə bağlı təqdim edilən materiallardan bəhs etdi. Xüsusilə Qərbi Azərbaycan musiqisinin ənənəvijanrlarından olan xalq mahnılarının, rəqslərinin, aşıq sənətinin misilsiz dövrümüzə qədər qorunub saxlanılmasında göstərilən səylər xüsusilə vurğulandı.Əlavə olaraq nadir musiqi nümunələrinin toplanması və arxivləşdirilməsi kimi praktik təkliflərin irəli sürülməsi qeyd olundu.
Seminarın sonunda Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, böyük elmi işçi İsayev Zeynal müəllifin çıxışı ilə bağlı öz müsbət fikirlərini bildirdi və gələcək işlərində müəllifə müvəffəqiyyətlər arzuladı.
Elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Süleymanova Ruqiyyə