• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 iyun 2024-cü il

    20 iyun 2024-cü ildə Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika”elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifovanın “XVIII əsr Avropa instrumental musiqisində komizm ” adlı seminarı keçirildi.

    Məruzəçi bildirdi ki, musiqidə bəstəkarlar komik, satirik effekt əldə etmək məqsədi ilə inkişaf istiqamətini bilərəkdən pozur, musiqidə gözlənilməz baş verən melodik, yaxud harmonik dəyişikliklər edir. Akkordun düzgün həll olunmaması, yaxud dəfələrlə təkrarlandıqdan sonra öz lazımı yerinə çatdırılması, bəzən melodiyanın gözlənilmədən getdiyi istiqamətdən dönərək, qeyri-məntiqi bir hərəkətlə sanki yolunu “azması”da belə üsullar sırasına daxil olduğunu qeyd etdi. Bundan başqa, sənətkarlar qədim forma ilə müasir musiqi dili xüsusiyyətlərini birləşdirir, ciddi obrazları “yüngül” musiqi ilə səciyyələndirir, məntiqi və ümumi səslənmədən tamamilə kənara çıxaraq, sanki “yolunu azmış” xaric notları daxil edir, ritm və tempin qəflətən dəyişilməsinə arxalandığını söylədi.

    Musiqidə komizm dedikdə nədən söhbət getdiyini bildirdikdən sonra, X əsrdə Avropada geniş yayılmış liturgiya dramını, “Parodiya messlarını” xatırlayaraq, yuxarıda sadalananların Jan-Filipp Ramonun, Fransua Kuperenin əsərlərində necə tətbiq olunduğundan danışdı.

    Daha sonra məruzəçi alman musiqisinin filosofu” kimi tarixə düşmüş Baxın və Vyana klassiklərinin yaradıcılığında komizm üçün səciyyəvi olan üsulların musiqidə tətbiqini parlaq nümunələrlə izah etdi.

    Seminarda Ramonun, Baxın, Haydnın, Motsartın əsərləri video səsləmə ilə dinlənildi. Həmçinin Baxın 2 saylı h moll süitasının “Şüşə arfa” (“Glass harp”) alətində video səslənməsini  təqdim etdi və bu alətin yaranma tarixi haqqında da danışdı.

    Seminarda elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nurida İsmayılzadə və bütün əməkdaşlar iştirak etdi. Sonda maraqlı fikir mübadilələri aparıldı. Məruzəçini təbrik edərək, olduqca maraqlı mövzuya toxunduğunu bildirdilər və dəyərli fikirlər söyləyib, Könül xanıma gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladılar.

                                                                            Ü.Hacıbəyliadına BMA-nın

                                                                             doktorantı, elmi işçisi

                                                                                                 Bəsti Kazımova