• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 iyun 2024-cü il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının elmi işçisi Bəsti Kazımovanın “Milli musiqi alətlərimiz gənc bəstəkarın yaradıcılığında” adlı mövzusunda elmi seminarı keçirildi.

    Məruzəçi çıxışında gənc və istedadlı bəstəkar “Mədəni Əlaqələrin İnkişafına Dəstək” ictimai birliyinin sədri ,bir çox yerli və beynəlxalq lahiyələrinin müəllifi, çoxsaylı müsabiqələrin laureatı, Bəstəkarlar İttifaqının üzvü İlahə Qismətin yaradıcılığı haqqında söz açdı. Daim öz üzərində çalışan gənc bəstəkarın yaradıcılığınnın janr baxımından çox zəngin və rəngarəng olduğunu qeyd etdi. Bəstəkarın yaradıcılığında mühüm yer tutan əsərlərinin adlarını sadaladı: iri həcmli səhnə əsərləri-“Dəmir yumruq” və “Dədə - Qorqud” baletləri, patreotik mahnılar, “Hisslər” vokal silsiləsi, fortepiano üçün “Rəngli lövhələr” məcmuəsi, simfonik orkestr üçün “Zərəf yolu” poema, “Mədhi Əhəd” və milli musiqi alətləri üçün  və s.  çoxsaylı əsərlər.

    İlahə Qismətin yaradıcılığında əsas yer tutan , hələ Bülbül adına OİMM-də təhsil aldığı illərdə tar və fortepiano üçün bəstələdiyi “Çahargah” skertsonun dünyanın bir çox ölkələrində  - Almaniyada ,İsraildə, Gürcüstanda, Estoniyada  və b. beynəlxalq səhnələrdə uğurla səslənməsini qeyd etdi. Həmçinin məruzəçi çıxışının davamında bəstəkarın yaradıcılığının yeni bir mərhələsini təmsil edən, orijinal üsluba malik, xüsusi diqqətçəkən əsərlərindən biri kimi tar və eston milli aləti olan kannel üçün bəstələdiyi  “ Mistika” dueti haqqında məlumat verdi

    İlahə Qismətin yaradıcılığında xüsusi yer tutan soprano səs, fortepiano və tar üçün nəzərdə tutulan Nizami Gəncəvinin qəzəlinə “O anə yetdi” romansı haqqında  auditoriyanı ətraflı məlumatlandırdı. Nizaminin lirik qəzəli əsasında yaranan bu qəzəl-romans 2021 – ci ildə BMA -nın keçirdiyi “Nizami romans” respublika müsabiqə-festivalında  birinci yerə layiq görülmüşdür. Bəstəkarın iştirakı ilə keçirilən elmi seminar çərçivəsində  sözügedən əsərlər auditoriya qarşısında səsləndirildi.

    Seminarın sonunda, elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə tədbir haqqında müsbət fikirlərini bildirərək məruzəçinin seminara hazırlığını və bəstəkarın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək iştirakçıları təbrik etdi. Həmçinin auditoriyada yer alan xalq artisti, tarzən Ramiz Quliyev gənc bəstəkarın yaradıcılığının özünəməxsusluğundan, obrazlılıq və əsərlərdəki milli ruh yüksəkliyi haqqında çıxış etdi. Əməkdar incəsənət xadimi Arif Əsədullayev isə uğurlu keçən seminarı bəstəkarın yaradıcılığının çoxşaxəli olması və musiqişünasın mövzu üzərində əziyyətinin bəhrəsi ilə əlaqələndirdi. Ən sonda bəstəkar İlahə Qismət başda elmi tədqiqat laboratoriyasının rəhbəri N. İsmayılzadə olmaqla, məruzəçi Bəsti xanıma və  tədbir iştirakçılarına öz səmimi təşəkkürünü dilə gətirdi. Seminar bəstəkar və məruzəçi haqqında auditoriyanın fikirlərini bölüşməsi ilə yekunlaşdı. 

    Ruqiyyə Süleymanova

    Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent.