2024-cü ilin may ayının 15-16 tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin təşəbbüsü ilə ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101 İLLİYİNƏ HƏSR OLUNAN VƏ SABAH QRUPLARININ 10 İLLİK YUBİLEYİNİN ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda tələbələrin beynəlxalq elmi-praktiki konfrans keçirildi. Konfransın mövzu dairəsi geniş olub - “Azərbaycan musiqi mədəniyyəti tarixində Ümummilli lider Heydər Əliyevin rolu və əhəmiyyəti”, “İslam dünyasının mədəniyyət paytaxtı Şuşa”, “İslam dünyasının mədəni irsinin qorunması: problemlər və perspektivlər”, “İslam dünyasında elm, təhsil və mədəniyyət”, “Etnomusiqişünaslıq müasir mərhələdə”, “Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri”, “Müasir musiqi təhsili: problemlər və perspektivlər”, “Müasir instrumental ifaçılığın problemləri”, “Musiqidə informasiya texnologiyaları” kimi istiqamətləri əhatə edir. Konfransın açılışında giriş sözünü SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor F.Ş.Bədəlbəyli açaraq bütün konfrans iştirakçılarını salamladı. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və bütün tələbələrə uğurlar arzuladı.
Konfrans Dövlət Himni ilə açıq elan olundu. Beynəlxalq elmi praktiki konfransda H.Əliyevin həyat və siyasi fəaliyyəti haqqında maraqlı video rolik iştirakçılara təqdim edildi.
Konfrans Azərbaycan, Türkiyə, Kazaxstan, Tacikistan, Özbəkistan, Rusiya, İrandan olan gənc tədqiqatçılara elmi ideyalarını bölüşmək üçün və maraqlı mövzular ilə çıxış etmək imkanı yaratdı. Məruzələr iştirakçıların seçimi ilə üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunmuşdur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qruplarında, eyni zamanda bakalavr və magistr pillələrində təhsil alan tələbələr, eləcə də Azərbaycan Milli Konservatoriyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Qazaxıstan Milli Konservatoriyası, Özbəkistan və Kazan Dövlət Konservatoriyaları, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbələri maraqlı mövzularla çıxış etdilər. Nəzəri məruzələrlə yanaşı “Sabah” qruplarında təhsil alan ifaçı tələbələrin də musiqi nömrələri maraqla qarşılandı. İki gün davam edən Beynəlxalq Elmi- Praktiki Konfrans uğurla keçdi.