25 aprel 2024-cü il
“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri”mövzusunda beynəlxalq elmi – praktiki konfrans keçirilmişdir
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 25-26 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamına əsasən “Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi” ilə bağlı tədbirlər planına uyğun olaraq “Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Bildiyimiz kimi, Şuşa şəhəri 44-günlük II Qarabağ müharibəsi zamanı Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, çoxsaylı şəhidlərimizin canı bahasına və qazilərimizin şücaəti sayəsində 8 noyabr 2020-ci ildə işğaldan azad edilmişdir. Buna əlbəttə ki, bütün xalqımız bayram edərək çox sevinmişdir, çünki Şuşa, Ulu Öndərimiz Heydər Əliyevin təbirincə desək “Azərbaycanın gözüdür”. Bu hadisəyə bütün müsəlman dünyası da reaksiya verərək Qətərin paytaxtı Dohada 2023-cü ildə keçirilmiş İslam Dünyası Mədəniyyət Nazirlərinin XII konfransında “Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” seçilmişdir. Keçirilmiş konfrans Şuşanın musiqi mədəniyyətinin hərtərəfli işıqlandırılmasına həsr olunmuşdur.
Təşkilat komitəsinə məruzələr Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasından daxil olmuş, eyni zamanda Rusiyanın Saratov və Maqnitoqorks şəhərlərindən, Özbəkistanın Daşkənd Dövlət Konservatoriyasından, Türkiyənin Osmaniye Korkut Ata Universitetindən, Oman Sultanlığından məruzələr daxil olunmuşdur.
Məruzələrdən əvvəl Şuşa şəhərinin tarixi və müasir dövrünə həsr olunmuş xüsusi hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Bundan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə I və II kurs tələbələrindən ibarət xor Şuşaya həsr olunmuş “Şuşa” mahnısı (mus. Aysel Məmmədovanın, söz. Kübra Kərimlinin) təqdim edilmişdir.Bu musiqi nömrəsi “Xor dirijorluğu” kafedrasının baş müəllimi Dilarə Quliyevanın rəhbərliyi altında, konsertmeyster Səadət İmanovanın müşaiəti, fleytada ifa edəni isə Respublika müsabiqələr laureatı Nəzrin İmanova idi.
Konfransın açılışı zamanı BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri,sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfrans iştirakçılarını salamlayaraq Plenar iclasının açılmasını elan etdi və sözü BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadəyə verdi. Gülnaz Abdullazadə öz məruzəsində Azərbaycanda XVIII-XX əsrlərdə “Qarabağnamələrin” yaranmasının tarixi hadisələrin qeydə alınmasında böyük əhəmiyyətindən bəhs etdi. Digər məruzəçi – AMEA-nın Memarlıq və İncəsənət İnstitunun “Milli folkloru” şöbəsinin müdiri,sənətşünaslıq doktoru, professor İradə Köçərli “Fikrət Əmirovun fortepiano və səs üçün bilinməyən işləmələri haqqında” məruzəsində dahi bəstəkarın hələ ifa olunmayan xalq mahnı işləmələrini fortepianoda özü ifa etməklə konfrans iştirakçılarının nəzərinə çatdırdı.
Elmi-praktiki konfrans Rusiyanın Saratov Konservatoriyasından olan iştirakçı, professor Tatyana Kartaşovanın “Cənub və Şərqi Asiya mədəniyyətlər arasındakı dialoq” adlı maraqlı video materiallarla zəngin məruzəsi (onlayn) iştirakçıların nəzərinə çatdırıldı.
Beynəlxalq elmi-praktiki konfrans müxtəlif mövzulu məruzələrlə üç seksiyada davam etdirilmişdir. Eyni zamanda, çıxışlar zamanı məruzəçilərə iştirakçılar tərəfindən maraqlı suallar verilərək, bəzən də diskussiyalara səbəb olurdu. Hər bir çıxış slaydlarla müşaiət olunurdu, bu da konfransda iştirak edən Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün olduqca vacib maarifçilik xarakteri daşıyırdı.
Aprelin 26-da konfrans, Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədovanın moderatorluğu ilə BMA-nın Q.Qarayev adına konfrans zalında davam etdirilmişdir. Biri-birindən dəyərli çıxışlarla davam edən konfrans iştirakçıların böyük marağına səbəb olmuşdur. Məruzələr təkcə Şuşanın musiqi mədəniyyətinə deyil, eləcə də musiqişünaslığın aktual problemlərinə həsr olunmuşdur. Burada xanəndəlik məktəbinin parlaq nümayəndəsi – Cabbar Qaryağdıoğluna, Aqşin Əlizadənin kamera simfoniyasında milli özünəməxsus metodlarının inkişafına, Qümrüdən Qarsa köç edən Azərbaycan türklərinin musiqi folkloru haqqında mövzular səsləndirilmişdir. İki gün davam edən konfrans uğurla işini başa çatdırmışdır.
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
İsmayılzadə Nuridə