16 aprel 2024-cü il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəsəfə doktoru İmina Əliyevanın “Qeyri-səlis məntiqlə incəsənətin və musiqinin əlaqəsi” mövzusunda elmi seminarı keçirilmişdir.
Məruzəçi çıxışının əvvəlində görkəmli alim Lütfi Zadə və onunla da professor Rafiq Əliyev arasındakı işbirliyi, həmçinin riyazi çoxluqlar (əsasən də qeyri-səlis çoxluqlar) nəzəriyyəsinin elementləri haqqında ətraflı məlumat vermişdir.
İmina Əliyeva qeyd etmişdir ki, müasir dövrdə qeyri-səlis məntiq çoxsaylı elmi tədqiqatlarda tətbiq edilməkdədir. Lakin, qeyri-səlis məntiqin incəsənətdə tətbiqi şedevrlərin həqiqət layını üzə çıxaran nadir bir işdir. Qeyri-səlis məntiqin prinsipləri incəsənət elementlərinin və onların arasında əlaqənin təsvirində çox faydalıdır və sənətin incəliklərinə yol açır. İncəsənət nümunələrini qeyri-səlis məntiqlə qavramağa, onların təhlilinə çalışanda çox maraqlı həqiqət qatları açılır.
Əbədiyyət qazanmış musiqi, rəsm, ifaçılıq, bəstəkarlıq... şedevrlərinə qeyri-səlis məntiqlə qiymət vermək dühaların dühalığının fəlsəfi-estetik mahiyyətinə daha gur işıq saçar. Sənət əsərini qeyri-səlis məntiqlə təhlil edərkən emosional dərk, idrakla qavramanın yol yoldaşıdır. Ancaq emosional duyum qat-qat güclü və çevikdir.
Klassik binar məntiqdə informasiya birbaşa qəbul olunur, öyrədir, zəkada iz buraxır, ölçülə bilir.
Qeyri-səlis məntiqdə informasiya persepsiya xarakterlidir, duyğuları oyadır, çoxçalarlı ruhi mənalar verir. Emosional qavramadan idraki qavramaya ötürülür.
Klassik məntiqlə hansısa dahiyanə əsərə qiymət vermədə rəngin səsi yoxdur. Araşdırıcının qeyri-səlis məntiqlə yanaşmasında hər bir rəngin nəhayətsiz səsləri var.
Sandro Battiçellinin tabloları öz nəğmələrini lirik tenor səslə «oxuyur». Rafaelin tablolarının partiturası həzin və kövrək, poetik və yumşaq messo sopranaya uyğundur.
Klassik məntiqdə rəngin ətri yoxdur. Qeyri-səlis məntiqdə rəngin ətrləri var. Rembrantın işlərində mixəyin ətri ətrafa saçır. Klassik məntiqdə rənglərin musiqisi yoxdur. Qeyri-səlis məntiqdə rənglərin 7 klassik notdan yüzlərlə dəfə çox təranəsi var. Klassik məntiqdə səsin rəngi yoxdur. Qeyri-səlis məntiqdə səsin rəngləri var. Luçano Pavarottinin, Nəzakət Teymurovanın nəğmələrində çəhrayı rəng həzin-həzin kövrəkliklə kiprik çalır. Müslüm Maqomayevin oxusunda həyəcan doğuran qırmızı rəng və onun çalarları yerlə göy arasında meydan sulayır, fələklə cəngə girir. Klassik məntiqdə formalaşmış, formalaşıb girəcləşmiş çox az sayda müəyyən qəlib-klişelər mövcuddur, onlarınn əsas prinsiplərini pozmaq olmur.
Qeyri-səlis məntiqdə qəlib-klişelər yoxdur, ancaq təhlil üçün yanaşma prinsipləri sonsuzdur. Bu sonsuzluqda isə daha çevik, təhlilə meydanlar açan emosional-estetik formalar var".
Sonda elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə mövzu haqqında öz fikirlərini söyləmiş, məruzəçiyə tövsiyə və məsləhətlərini vermişdir. Müzakirələrda laboratoriyanın böyük elmi işçisi Zeynal İsayev, elmi işçisi Ayxan Əfəndiyev və digər seminar iştirakçıları məruzəçiyə uğurlar arzulamışlar.
”Elmi-tədqiqat laboratoriyasının
böyük elmi işçisi
Zeynal İsayev