12 mart 2024-cü il
12 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyində XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının müzakirəsi və təqdimat mərasimi keçirildi.
Azərbaycan Prezidentinin dahi şairimiz və mütəfəkkirimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq keçirilən tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə baş tutdu.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova zəngin sənət dünyasından bəhs edən “Füzuli sənətkarlığı” kitabında şairin bədii və fəlsəfi mahiyyətinin mükəmməl şəkildə şərh olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu əsər Füzuli yaradıcılığının araşdırılmasında ən böyük və qiymətli mənbələrdən biridir.
BMA-nın professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında “Füzuli və musiqi” mövzusuna toxundu. Musiqişünasın sözlərinə görə, Mir Cəlal Paşayevin Füzuli poetikasının dərin təhlilini ehtiva edən “Füzuli sənətkarlığı” kitabı Azərbaycanın musiqi tarixini tədqiq və tədris edənlər üçün əvəzsiz mənbədir. Z.Dadaşzadə Füzuli irsinin Azərbaycan ənənəvi musiqisinin inkişafında və milli bəstəkarlıq məktəbinin təşəkkülündə rolunu xüsusi vurğulayıb.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Milli Məclisin deputatı Ceyhun Məmmədov kitab haqqında fikirlərini bölüşüblər.
Təqdimat mərasimində muzeyin kolleksiyasından böyük şairin obrazı və poeziyasını əks etdirən əsərlər nümayiş olunub, həmçinin Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən Füzuli poeziyasına bəstələnmiş klassik əsərlər və muğam triosunun ifaları səsləndirilib.
Kitab XVI əsrdə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir. Mir Cəlal Paşayev əsərində Füzuli yaradıcılığının ayrı-ayrı mərhələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən göstərməyə nail olub.
Sonra bədii hissəyə yer verildi.