5 mart 2024-cü il
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanaloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Bayraməlibəylinin — ““Fikrət Əmirovun “Min bir gecə” balətindən üç epizod nümunəsində zərb alətlərinin solosu”” adlı movzusunda seminar keçirildi.
Baletin “Giriş”, “Orqiya” və “Şəhrizadın bayramı” epizodları səsləndirildi. Məruzəçi öz çıxışında bu epizodların seçim səbəblərini açıqladı, orkestrin obraz tərənnümündə xüsusi rolunu qeyd edərək, epizodlarda musiqinin ritmik zənginliyini vurğuladı. Əsas məqsəd isə bu epizodların dramaturji rolunu, onların qarşılıqlı əlaqəsini, ritmik xüsusiyyətlərini və ümumiyyətlə əsərin orkestrdə zərb alətlərinin əhəmiyyətini açıqlamaq idi.
“Min bir gecə” baleti musiqisinin ritmik zənginliyi, rəqs və xoreoqrafiyanın ifadəsi üçün geniş imkanlar yaratması, Fikrət Əmirovun deyimincə “Ərəb Şərqinin” özünəməxsus abu-havasını çatdırdı. Məruzəçi həmin epizodlarda səslənən öz orijinallığı və tembr ifadəliyi, alətlərin tərkibi, musiqinin xüsusi poliritmik yazı üslubu ilə seçilən ritmik “kadensiyalarını” və əsərin dramaturji rolunu qeyd etdi.
N.Bayraməlibəyli hər epizodu obraz-tembr, metro-ritmik və dramaturji xüsusiyyətlərinin qarşılıqlı əlaqəsi nöqteyi-nəzərindən ətraflı təhlil edərək bəstəkarın ritmik forma quruluşunu, öz dövrü üçün müasir olan müxtəlif prinsiplərindən və növlərindən istifadə etdiyini bildirdi.
Sonda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünasliq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə tövsiyə və məsləhətlərini verdi. Laboratoriyanın baş elmi işçisi, professor Ramiz Quliyev , Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işçi Zeynal İsayev mövzu ətrafında ətraflı fikir mübadiləsi edib məruzəçiyə uğurlar arzuladılar.
Elmi-tədqiqat laboratoriyasının elmi işçisi
Nazlı Mustafayeva