• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 fevral  2024-cü il

    Bakı Musiqi Akademiyasında Azərbaycanın Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olundu

     

    28 fevral 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert-konfrans keçirildi. Tədbir Musiqi nəzəriyyəsi kafedrasının təşəbbüsü ilə təşkil olundu. Konsert-konfransda kafedranın müdiri Əməkdar müəllim Könül Nəsirova, Xalq artisti Azər Dadaşov, Əməkdar İncəsənət xadimləri İmruz Əfəndiyeva, Həcər Babayeva sənətkar haqqında xatirələrini bölüşdülər. Onlar Üzeyir Hacıbəyli ənənələrini yeni səviyyəyə ucaldan Süleyman Ələsgərovun keçdiyi yaradıcılıq yoluna nəzər saldılar, Vətənini, xalqını sevən böyük şəxsiyyət kimi xatırladılar.

    Konsert proqramı Musiqi nəzəriyyəsi kafedrasının dosenti Dilbər Məmmədova tərəfindən hazırlandı. Musiqişünas-tələbə Aygün Əhmədova, gənc musiqiçilər Süleyman Ələsgərovun həyat və yaradıcılığının önəmli məqamlarını işiqlandırdı. Ölməz sənətkarın bəzi əsərlərinin yeni işlənmədə təqdim edilməsi tədbirin qonaqları və iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Konsertdə Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin tələbələri Elvin Salmanov, İlqar Bədəlli, Sona Qasımova, Kənan Rəhmanzadə, Səməd Novruzov, Müseyib Əsədov, Səriyyə Ağakişiyeva, Amin Heydərov, Rəna Rəcəbova, Fuad Əfəndiyev çıxış etdilər. Tədbirə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin konsertmeysteri Rəna Zəkiyeva, tarzən-şagirdlər Rəvan Əfəndi və Tuncay Əşrəfli də qatıldı.

    Konsert-konfransda Süleyman Ələsgərovun mənalı ömür yolunu, yaşamış olduğu anları işıqlandıran videoçarx və fotoşəkillər sənətkar barədə təəssüratı daha da dərinləşdirdi. Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim Nərminə Quliyeva, elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadə, ifaçılıq fakültəsinin dekanı, Əməkdar İncəsənət xadimi Nəzmiyyə Abbaszadə, tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim Gülzar Mahmudova və çoxsaylı qonaqlar tədbiri böyük maraqla qarşıladılar.