27 fevral 2024-cü il
XX ci əsrin faciəsi—Xocalı soyqırımı
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:Orqanaloqiya və Akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Əli Əliyevin 27 fevral tarixində, Xocalı soyqırımı şəhidlərinin xatirəsinin yad edilməsinə həsr edilmiş “XX-ci əsrin faciəsi—Xocalı soyqırımı” adlı seminarı keçirilmiş oldu.
Birinci Qarabağ müharibəsi zamanı mənfur düşmənlərimiz ermənilərin Xocalı şəhərində silahsız insanları, qoca, qadın, uşaq demədən xüsusi amansızlıqla qətl etməsi, soyqırım törətməsi Azərbaycanın tarixinin ən faciəvi səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Əli Əliyev tərəfindən müraciət edilən bu mövzuda Sovetlər ittifaqı dağıldıqdan sonra ölkədəki hərcmərclikdən istifadə edən və Dağlıq Qarabağ ərazisində yerli əhaliyə qarşı etnik təmizləmə siyasətini yürüdən erməni quldur dəstələri, onlara qarşı yerli Azərbaycanlı əhalinin qəhrəmancasına mübarizəsi və ümumiyyətlə müharibənin tarixindən və onu şərtləndirən əsas amillərdən bəhs edildi. Dünyanın aparıcı dövlətlərinin bu müharibə zamanı insan haqlarının dəfələrlə pozulması hallarına gözünü yumması qeyd edildi və o dönəmin mətbuat səhifələrində işıqlandırılan faktlar dinləyicilərin nəzərinə çatdırıldı.
1994-cü ildən Ümummilli lider, müdrik rəhbər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti və höküməti tərəfindən erməni milliyətçilərinin Azərbaycanlı əhaliyə qarşı törətdiyi bu qətliyamın miqyası və dəhşətləri barəsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi üçün bir sıra ardıcıl tədbirlər həyata keçirilməsi söylənildi.
Bu sistemli siyasətin həyata keçirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri olması qeyd edilmişdir. Xocalı soyqırımı həqiqətlərinin dünyaya açıqlanması yolunda Heydər Əliyev Fondu xüsusi tövhə verməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu mövzuda kitablar,filmlər dünyanın bir çox ölkələrində nümayiş edilmişdir. İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə yaradılan “Xocalıya ədalət” informasiya-təbliğat kampaniyası beynəlxalq miqyasda Xocalı faciəsi həqiqətlərinin əks edilməsi və qurbanlarının xatirəsinin yad edilməsi məqsədini daşımaqdadır və global səviyyədə soyqırım faktlarının mətbuat səhlifələrində ətraflı işıqlandırılmasına yönəldilmişdir. Qeyd etməliyik ki, bu günə qədər dünyanın 18 dövləti və ABŞ-ın 28 ştatı Xocalı soyqırımını tanımışdır.
Əli müəllimin seminarı sırasında Xocalı faciəsinin işıqlandıran şəkillər və yeni sübutlar da nümayiş edildi. Bu mövzunu musiqidə işıqlandıran bir çox, həm yerli həm də xarici bəstəkarların əsərlərinin adları qeyd edildi. Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü, bəstəkar Rüfət Ramazanovun orqan və xanəndə ifası üçün bəstələdiyi “And” əsəri (1998), Yusif Mirişlinin “Xocalı—613” simfonik poeması (2012), fransız bəstəkarı Pyer Tillou-nun violin, balaban, zərb alətləri və simli orkestr üçün “Xocalı—613” əsəri video formatında səsləndirildi. Laboratoriyanım elmi işçisi, doktorant Nigar Bayramova, Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun “Xocalım ay xocalım” şeirini oxudu. Dinləyicilər qarşısında, xalqımızın yaddaşından silinməyəcək olan xatirələr canlandırıldı.
Əli Əliyevin keçirdiyi seminar mövzusu haqqında elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Azərbaycanın xalq artisti, professor Ramiz Quliyev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov öz ürək sözlərini söylədilər. Mövzunun əhəmiyyəti, Xocalı soyqırımı həqiqətlərinin dünya miqyasında təbliğatının önəmi bir daha vurğulandı.
Seminarın sonunda, Azərbaycanın xalq artisti Yalçın Adıgözalovun dirijorluğu ilə Şuşada, Cıdır düzündə səslənən, görkəmli bəstəkarımız Vasif Adıgözalovun “Qarabağ Şikəstəsi” oratoriyasının sədaları altında, 44 günlük ikinci Qarabağ müharibəsində qalib gələn sücaətli ordumuz alqışlandı.
Bir gənc musiqişünas kimi qeyd etmək istərdim ki, Xocalı soyqırımının unudulmaması, gələcək nəsillərə ötürülməsi və təbliğatı bizim bir vətəndaş kimi borcumuzdur. Ümid edirik ki, ordumuzun möhtəşəm gələbəsi nəticəsində torpağlarımızın qaytarılmasından sonra şəhidlərimizin rulu artıq şaddır.
Əfəndiyev Ayxan
Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant