22 fevral 2024-cü il
Süleyman Ələsgərov- 100
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nazlı Mustafayevanın Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş “Süleyman Ələsgərovun mahnı yaradıcılığı” mövzusunda elmi seminarı keçirilmişdir.
Məruzəçi çıxışının əvvəlində görkəmli bəstəkər S.Ələsgərovun özünəməxsus, çoxşaxəli, zəngin yaradıcılığında mahnı janrının xüsusi yer tutduğunu vurğulayaraq seminar iştirakçılarına bəstəkarın mahnıları haqqında ətraflı məlumat vermişdir.
Nazlı Mustafayeva qeyd etmişdir ki, qəlbi Şuşa, Qarabağ həsrəti ilə döyünən, xalq musiqisindən və muğamlardan ilham alan istedadlı bəstəkarın mahnıları, melodiyasının gözəlliyi və zənginliyi, harmonik dilinin milli ladlara əsaslanması ilə diqqəti cəlb edirdi. 200 - dən çox mahnının müəllifi olan Süleyman Ələsgərovun yaradıcılığında vətənə, torpağa və əməyə sevgi öz əksini tapmışdır. Bəstəkarın “Yürüş mahnısı”, “Gənclik marşı”, “Əsgər marşı”, “Bu torpağa bağılıyıq”, “Haradasan igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bu vətəndir” kimi mahnıları indiyə qədər öz aktuallığını itirməmişdir.
Seminarda həmçinin bəstəkarın xalq artisti Şövkət Ələkbərovanin ifasında “Vağzalı çalınır”, xalq artisti Şəfiqə Eyvazovanın ifasında “Bilsəm sən gəlirsən” mahnıları, xalq artisti Gülağa Məmmədovun ifasında “Vətənimdir” romansı səsləndirilmişdir.
Sonda elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Süleyman Ələsgərov haqqında öz xatirələrini danışmış, məruzəçiyə tövsiyə və məsləhətlərini vermişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və Azərbaycanın xalq artisti, professor Zümrüd Məmmədova bəstəkarla bağlı xatirələrini bölüşmüş və məruzəçiyə uğurlar arzulamışlar.
”Elmi-tədqiqat laboratoriyasının
kiçik elmi işçisi
Sevda İsayeva.