• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 fevral 2024-cü il

    “Tərlan Seyidova İthaf”

     

    21 fevral 2024-cü il Üzeyir bəy Hacıbəylinin müqəddəs adını daşıyan Bakı Musiqi Akademiyasında Tərlan Mir Əşrəf oğlu Seyidovun xatirəsinə həsr olunmuş, onun bir ildir ki, yoxluğunu duyan, həsrətini çəkən sevimli tələbələrinin, məzunlarının konsert tədbiri baş tutdu. Bu tədbirə BMA-nın və Orta ixtisas musiqi məktəb-studiyasının professor və müəllim heyəti, o cümlədən illər öncə onunla bərabər çalışmış keçmiş həmkarları, habelə təkcə özünün deyil, eyni zamanda digər məktəblərin də müəllim və şagirdləri T.Seyidovu yad etməyə yığışmışdılar.

    Sözügedən konsert, Tərlan müəllimin vəfatından sonra keçirilən hər tədbir kimi, çox duyğusal bir ovqat daşıyırdı. Səhnədə qoyulmuş gülərüzlə alqışlayan portreti isə, sanki onun hələ də burada, bizim əhatəmizdə olduğunu və tələbələrini dəstəklədiyini göstərirdi.

    Konsert proqramı məzmun və forması ilə seçilirdi. Proqramın musiqili-bədii konsepsiyası ustadına olan sayğı, ehtiram və sevgini əks etdirən məzunların ifası ilə yanaşı, həm də Tərlan Seyidova ithaf olunmuş kitab və fotoalbomun da təqdimatını özündə cəmləşdirir.

    “Tərlan Seyidova ithaf” adlı konsert onun sinfində təhsil almış, hazırda teleradio aparıcısı kimi fəaliyyət göstərən Sevinc Salahovanın xatirələrlə dolu giriş mətni ilə açılır və hər iştirakçı onun təqdimatı ilə səhnəyə dəvət olunurdu.

    Səhnəni ilk ifası ilə işıqlandıran T.Seyidovun sevimli, fəxarət hissi ilə təqdir etdiyi, onun hər ifasını dinləyərkən duyğulandığı tələbəsi, mənəvi ata-övlad, ustad-şagird münasibətlərilə sıx bağlı olan çox istedadlı və təcrübəli, kifayət qədər tanınan, özünəməxsus ifa üslubu ilə seçilən pianoçu Fəqan Həsənli oldu. O, hazırda 150 illik yubiley tarixi qeyd olunan rus musiqisinin simvolu, füsunkar melodiyaların, insanı ovsunlayan musiqinin yaradıcısı Sergey Raxmaninovun 5 saylı “Etüd-lövhə”sini səsləndirdi. Fəqanın dərin hissiyyatlı, həyəcan və ehtirasla zəngin ifası dinləyiciləri mövcud məqama köklədi.

    Proqramda yer alan ədəbi haşiyə Nigar Həsənzadənin səsləndirdiyi “Tərlan” adlı monoloqla diqqəti cəlb etdi. Bu görkəmli pedaqoqdan dərs almış Nigar Həsənzadə piano ifaçılığı ilə bərabər, aktyorluq və rejissorluq sənətinin nümayəndəsi olaraq, məktəb-studiyanın artıq bir neçə tədbirinin iştirakçılarından, həmçinin onların bədii həllinin də müəlliflərindəndir. Dəfələrlə ifasını dinlədiyimiz aktrisa özünəməxsus melanxolik ifa tərzilə insanda hüznlü ab-hava yaratmış oldu.

    Konsert ifaçı və müəllim Anna İsrafilovanın Əzizə Mustafazadə bəstəsi olan “The last day of Chopin” (“Şopenin son günü”) əsərinin lirik, hissiyyatlı ifası ilə davam etdi.

    Tədbirin bu məqamında Tərlan Seyidova həsr olunmuş nəşrlərin –“Tərlan Seyidova ithaf – xatirələr” kitabı və “Fotoalbom”un təqdimatı baş tutdu.

    Görkəmli pedaqoq, musiqişünas, alimin gördüyü işlər, elm və incəsənətdə etdiyi nailiyyətlər haqqında çox yazılıb, çox danışılıb. T.Seyidovun vəfatından sonra nəşr olunmuş “Xatirələr” kitabında adlı-sanlı elm və incəsənət xadimləri, alim və musiqişünasların, onun sənət dostlarının və həmkarlarının, tələbə və əməkdaşlarının ürək sözləri, yaddaşlarında həkk olunan bir dost, ustad, şəxsiyyət kimi ona böyük sayğı və hörmət hissləri ilə əks olunmuşdur.

    Təqdimat hissəsi Orta ixtisas musiqi məktəb-studiyasının rəhbəri və Tərlan Seyidovun “sağ əli”, onun sadiq həmkarı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda Məmmədovanın çıxışı ilə gerçəkləşdi. Tərlan müəllim haqqında öz xatirələrini bölüşərək, kitabın və fotoalbomun ərsəyə gəlməsində əməyi keçən bütün heyətə, eləcə də xatirələrin müəlliflərinə öz təşəkkürünü bildirdi. Qeyd olunmalıdır ki, fotoalbomda yer almış bütün şəkillər məhz Tərlan Seyidov tərəfindən seçilmişdir. Sevda xanım öz dolğun və mənalı nitqini doğma məktəb-studiyaya T.Seyidovun adının verilməsi barəsində arzusunu səsləndirərək tamamladı.

    Yenidən ifalara keçid alaraq, bu dəfə onun daha bir məzunu pianoçu, bəstəkar və müəllim Nuranə Zeynalovanın ifasında Frederik Şopenin c-moll noktürnünü dinlədik. Düşündürücü, dərin kədər hissini təcəssüm etdirən bu ifa konsertin, demək olar ki, ən geniş nömrələrindən biri idi.

    Bəstəkar və pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda Məmmədli öz müəllimi, onun musiqi müqəddaratındakı rolu haqqında nitq söyləyərək, ardından müəllifi olduğu “Memories” (“Xatirələr”) əsərinin ifası ilə konsertdə həzin atmosfer yaratdı.

    Proqramın gedişatı boyu hər ifa və çıxış ekranda vizual görüntülərlə müşayiət olunurdu.

    Ardıcıl olaraq maraqlı və təsirli ifalar təqdim olundu: Elmar Hüseynov qəmli, kövrək əhvalda V.Mustafazadənin “Tənhalıq”, Səriyyə İsayeva düşüncəli – S.Raxmaninovun “Musiqi anı”, Firuzə Nəcəfli-Qədimalıyeva incə, emosional və işıqlı ovqatda Rafiq Babayevin iki prelüdü, Nigar Hüseynzadə – fikirli – F.Şopenin 14 №-li f moll Etüdünü, Tamara Nəhmədova özünün cəsarət və pafoslu ifa tərzində S.Raxmaninovun 1 №-li “Etüd-lövhə”, Gülnar Qəmbərli kədərli xarakterdə Q.Qarayevin “Çar kəndinin heykəli” kimi əsərlərini səsləndirərək, ustadın əziz xatirəsini yad etdilər.

    Son olaraq, bəstəkar-pianoçu Sevda Məmmədlinin “Vətən uğrunda” adlı uvertürası müəllifin və pianoçu-pedaqoq Sevda Məmmədovanın coşğulu, hərarətli birgə ifalarında təqdim olunaraq, “Tərlan Seyidova ithaf” adlı konsertin konseptinə xüsusi, simvolik bir məna verdi.

    Alınan təəssüratların dinləyicilər və ifaçıların qəlbində, əlbəttə, bir iz qoyacağını düşünürəm. Ona görə ki, bu, mürşidinə uca baxan vəfalı şəyirdlərin ürək sözlərinin bir ifadəsi idi.

    Belə bir məqamda Cəlil Məmmədquluzadənin hikmətli sözü yada düşür: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur”. Həmin mənada, Tərlan müəllim həyatda məqsədə çatmış hesab olunur, çünki özündən sonra onun adını yaşadanlar var. Mətnimi sonlandıraraq, onun tələbələrinin dilindən səslənirəm: “İşıqlı xatirəniz əbədi yaşasın, Ustad!”

     

    Vəfa HƏMİDOVA

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

    Orta ixtisas musiqi Məktəb-studiyasının müəllimi,

    musiqişünas, tədqiqatçı