• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 yanvar 2024-cü il

    Ustad sənətkarın yubileyi!

    Bu gün, yanvarın 17-də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, mahir kamança ustadı, təcrübəli müəllim və gözəl insan Arif Murtuza oğlu Əsədullayevin 75 yaşı tamam olur.

    Arif Əsədullayev 1949-cu ildə yanvarın 17-də Bakıda anadan olmuşdur. 1975-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının kamança sinfini bitirmişdir. 1967-ci ildən ifaçılıqla bərabər pedaqoji fəaliyyətlə də məşğul olan A.Əsədullayev 1997-ci ilə kimi Asəf Zeynallı adına musiqi məktəbində müəllim və elə həmin ildən bu günə kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xalq musiqisinin tarixi nəzəriyyəsi kafedrasında (müəllim,baş müəllim,dosent) professor vəzifəsində çalışmışdır. Hal-hazırda Arif Əsədullayev elmi-tədqiqat laboratoriyasında baş elmi işçi vəzifəsində çalışıır.

    A.Əsədullayev bir çox tədris proqramlarının, elmi məqalələrin, “Çahargah” dəstgahı adlı tədris video filminin (1999), muğam bilicisi, əməkdar müəllim Nəriman Əliyevə həsr olunmuş “N.Əliyev–70” CD–nin, Azərbaycan instrumental muğamları “Humayun”, “Bayatı–Şiraz–2003”, “Rast”, “Çahargah”–2005, “Şur”, “Şüştər” və “Zabul–Segah” – 2005 dərs vəsaitlərinin,həmçinin 2009-cu ildə “İnstrumental Muğamlar”, 2011-ci ildə “Xarici ölkə bəstəkarlarının kamança ilə fortepiano üçün işlənmış iri həcmli əsərlər, yenə 2011-ci lldə professor, xalq artisti Eldar İsgəndərovla birlikdə “7 klassik Azərbaycan muğamları” solo violonçel üçün işləmə -dərs vəsaiti, “Əhsən Dadaşovun rəngləri”–2011 metodik tövsiyyə, 2014-cü ildə hüquq elmləri doktoru, professor Namiq Əliyevlə birlikdə  “7 Mugamuri clasice Azere”, yenə də 2014-cü ildə “İnstrumental muğamlar və onların ifaçılıq məziyyətləri” monoqrafiyasının, 2020-ci ildə Üzeyir Hacıbəyli adına BMA-nın 100 illiyinə, həm də şəhidlərimizə ithaf edilən “Azərbaycanın klassik 12 instrumental muğamı” kitabın müəlifidir və klassik 19 instrumental muğamını nota salan ilk kamança ifaçısıdır.

    Azərbaycanın I vitse –prezidenti, Heydər Əliyev Fondunun  prezidenti Mehriban Əliyevanın şəxsi dəstəyi ilə 2009-cu ildə nəşr olunan  “Azərbycan muğamı” interaktiv  və audiovizual sisteminin muğam notları bölməsində A.Əsədullayevin Azərbaycanın 7 əsas muğamının notları təqdim olunmuşdur. A.Əsədullayevin  2007-ci ildə “İnstrumental muğamlar və onların ifaçılıq məziyyətləri” adlı dissertasiya işini müdafiə etmiş, sənətşünaslıq namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsinə yiyələnmişdir. Ifaçılıq, pedaqoji, musiqi elmi sahəsindəki xidmətlərini nəzərə alaraq 2011-ci ildə A.M.Əsədullayev Azərbaycan Respublikasının Prezidenti,  cənab İlham Əliyev tərəfindən  “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası 12 oktyabr 2012-ci il tarixli  qərarı ilə Arif Murtuza oğlu Əsədullayevə Professor elmi adı verilmişdir. 

    A.Əsədullayev dəfələrlə xarici ölkələrdə musiqi mədəniyyətmizi layiqincə təmsil etmiş və hətta festivallarda  diplomlara layiq görülmüşdür. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi Respublika müsabiqələrinin münsiflər heyətinin üzvü, 2016-cı ildən keçirilən Xalq artisti Habil Əliyev adına gənc kamança ifaçılarının I və II müsabiqəsinin sədri olmuşdur.A.Əsədullayevin hazırladığı şagird və tələbələr bütün müsabiqələrdə I dərəcəli diplomlara layiq görülmüşdür və o, dəfələrlə Mədəniyyət və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.

    Arif müəllim uzun illər ərzində ifaçılıq karyerasında və müəllimlik fəaliyyətində kifayət qədər böyük uğurlar əldə etmişdir. Onun gözəl ailəsində – xanımı məşhur kamança ifaçısı, Respublikanın xalq artisti, professor Şəfiqə Eyvazova və olduqca istedadlı qızı –  gənc kamança ifaçısı, pedaqoq, beynəlxalq müşabiqələr laureatı Mehri Əsədullayeva musiqiçi ailəsində möhkəm təməli qoyulmuş varislik ənənələrini davam etdirirlər. Hörmətli və əziz Arif müəllim! Sizi bütün kollektivimiz adından ürəkdən təbrik edir, enerji dolu sağlam ömür arzulayırıq. Milli musiqişünaslığın daha da çiçəklənməsi üçün gördüyünüz elmi  işlərin davamını Sizdən gözləyirik.

    Sizə yaşayib yaratmaq yaraşır!

     

     

    Elmi-tədqiqat  laboratoriyanın  müdiri, sənətşünaslıq

          üzrə fəlsəfə  doktoru, dosent

    “Tərəqqi” medalının mükafatçısı

    Nuridə  İsmayılzadə