• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 dekabr 2023-cü il

    Arif Məlikovun yubileyi ilə bağlı növbəti tədbir. 

    23 dekabr 2023-cü il tarixində yaradıcılıq Fondunda dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti Arif Məlikovun yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib. Bu gecədə "Qori seminariyasının pedaqoji irsi" silsiləsindən (məzunları Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və s.) "Musiqi Qalası" layihəsini müzakirə ediblər. Görüş Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini Rafiq Kaşanlı və NG Creators Club-un direktoru Natiq Əliyevin rəhbərliyi ilə təşkil olunub. Tədbirdə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AR Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova; Azərbaycan Respublikasının Əməkdar Artisti, Beynəlxalq müsabiqə laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Nigar Məlikova; "Arif Məlikov – tarix və müasirlik" kitabının müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini Aytən İbrahimova, həmçinin Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri iştirak etdi. Tədbirdə Arif Məlikovun həyat və yaradıcılığı haqqında söhbətlər aparılıb, bu çoxşaxəli şəxsiyyətin fəaliyyəti ilə bağlı maraqlı hadisələr xatırlanıb. Arif Məlikovun geniş kütləyə o qədər də məlum olmayan əsərləri dinlənilib, 1978-ci ildə Arif Məlikovun musiqisi əsasında yaradılmış "Qız Qalasının əfsanəsi" cizgi filminə baxılıb. Sonra tədbir iştirakçıları eşitdikləri materialı müzakirə etib və dinlədikləri musiqi ilə bağlı fikirlərini, düşüncələrini və hisslərini ifadə etdilər. Axşamın sonunda xatirə şəkilləri çəkildi. ​ 

    musiqişünas Pakiza Mustafazadə