14 dekabr 2023-cü il
Bakı Musiqi Akademiyasında “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” III Beynəlxalq elmi-praktiki konfrans keçirildi.
2023-cü il 14-15 dekabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” III Beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir. Konfransda Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Çindən bir çox tanınmış alimlər iştirak etdilər. Tədbirin qarışıq formatda keçirilməsi müxtəlif ölkələrdən 30-dan çox iştirakçını birləşdirməyə imkan verdi. Elmi məruzələr Azərbaycan, rus və ingilis dillərində təqdim edilmişdir.
BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, Elm və yaradıcılıq işləri üzrə prorektor, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə konfrans iştirakçılarını salamladılar. Geniş həcmli konfrans proqramı müasir musiqi elminin bir çox problemlərini əks etdirən altı bölmədən ibarət idi. Belə bir irimiqyaslı tədbirin təşkilində “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudovanın böyük rolu olmuşdur. Konfransın moderatorları sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova idi.
Konfransı Əməkdar Mədəniyyət İşçisi, Özbəkistan Dövlət Konservatoriyasının professoru İ.Gülzarova məruzəsini Heydər Əliyev şəxsiyyətinə, Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə həsr edən çıxışı ilə açdı.
V.Yunusova, T.Sergeeva, R.Məmmədova, T.Cənizadə, İ.Əfəndiyeva, K.Nəsirova, İ.Pazıçeva, R.Karamatullo, A.Baybek, G.Tursunova, A.Alişerova, Chan Shan və başqaları öz elmi fikirlərini iştirakçılarla bölüşdülər.
Azərbaycanın Ulu öndəri Heydər Əliyev ölkələr arasında əməkdaşlığa, mədəni-mənəvi əlaqələrin genişlənməsinə kömək edirdi. Bu mənada onun qoyduğu gözəl ənənələr bu gün də inkişaf etməkdədir, ən əsası isə, müxtəlif xalqların nümayəndələri arasında yaradıcı əməkdaşlığın möhkəmlənməsinə kömək edir.