• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 noyabr 2023-cü il

    Azərbaycanın Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabı alman dilinə tərcümə olunmuşdur. 

    Əsərinin alman dilinə çevrilərək, Avropa elminə təqdim olunması heç də təsadüfi deyildir. Kitab Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının dostu, Nəsimi irsinin tədqiqatçısı, Qiesen Universitetinin professoru, görkəmli alman alimi Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilmişdir. Kitabın Almaniyanın tanınmış Erqon-Nomos nəşriyyatının "Bibliotheca Academica" Şərqşünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap olunması münasibətilə 2023-cü il noyabr ayının 13-də Azərbaycanın Vyanadakı Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilmişdir. 

    Təqdimatı, ilk olaraq, Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Leyla Qasımova açdı. Sonra Bakıdan təqdimat mərasiminə qonaq kimi dəvət olunan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Üzeyir Hacıbəyli adına BMA-nın Humanitar fənlər kafedrasının müdiri, Prof.Dr. Tərlan Quliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin rəisi Dr. Rizvan Nəbiyev və Almaniyadan gəlmiş Prof. Dr. Mixael Raynhard Hess çıxış edərək, Füzuli yaradıcılığı, Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabı haqqında öz təəssüratlarını, elmi qənaətlərini bildirdilər. 

    Olduqca səmimi, lakin yüksək elmi və intellektual səviyyədə keçən təqdimat mərasimi Azərbaycan musiqiçilərinin musiqi nömrələriylə tamamlandı. 

    Tədbir təqdimatda iştirak edən hər kəsin və eləcə də Vyanada yaşayan azərbaycanlıların yaddaşına əbədi olaraq əbədi həkk olundu.