23-24 noyabr 2023-cü il
“Qərbi Azərbaycana qayıdış” adlı I beynəlxalq festival və konqres Naxçıvanda keçirildi
Azərbaycanın qədim torpağı olan Naxçıvan şəhərində 2023-cü il 23-24 noyabr tarixində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin və digər vəzifəli şəxslərin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda I beynəlxalq festival-konqres böyük təntənə ilə keçirildi. Tədbirin açılışı Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutdu. Həmin beynəlxalq tədbirə olduqca böyük marağın olduğu qonaqların gözlədiklərindən də artıq olmasından bəlli oldu. Sevindirici haldır ki, Türkiyədən Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran, Gazi Universitetinin rektoru, professor Musa Yıldız, Atatürk Universitetinin rektoru, professor Ömer Çomaklı kimi nüfüzlu alimlər təşrif buyurmuşdular. Dəvət almış qonaqların arasında BMA-nın elm və yaradıçılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılazadə və “Doktorantura və dissertantura” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həqiqət Yusifova da var idi.
Açılış mərasimində Elm və Təhsil naziri cənab Emin Əmrullayev Naxçıvandakı təhsil ocaqlarında tədris sisteminin yüksək səviyyədə qurulduğunu və bunun nəticəsində böyük uğurlar qazanaraq, şagird və tələbələrin respublika üzrə daha yüksək göstəricilərin əldə olunduğu vurğuladı. Bütün çıxış edənlər “Qərbi Azərbaycana qaydış” proqramından danışaraq bir daha qeyd etdilər ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 avqust 2022-ci Qərbi Azərbaycan İcmasının ayrıca rəsmi qurum kimi yaradılmasına dair verdiyi sərəncama əsasən və 44-günlük II Qarabağ müharibəsindəki qələbəmizin davamı kimi ölkə başcısının hücum diplomatiyasının və uzaqgörən siyasətinin davamı olaraq mümkün olmuşdur.
Açılış gününün ikinci yarısı artıq Ulu öndər Heydər Əliyev sarayının möhtəşəm konsert zalında baş tutdu. Burada Qərbi Azərbaycandan zaman-zaman deportasiyaya məruz qalmış tanınmış elm xadimlərinin hər birinin məruzəsində vətən həsrəti, dədə-baba torpaqlarına sonsuz sevgi hiss olunurdu. Çıxış edənlərin arasında Qərbi Azərbaycan İcmasının üzvlərindən tanınmış ziyalılarımız-akademiklər Əhliman Əmiraslanov, Misir Mərdanov, Abel Məhərrəmov, AMİU-nun rektoru professor, Gülçöhrə Məmmədova isə Qərbi Azərbaycanın xüsusi memarlıq üslubunun olmasını iştirakçıların nəzərinə çatdırdı. Maraqlı musiqi proqramı ilə bitən həmin tədbirin sonunda Qərbi Azərbaycana məxsus yallıların ifası ilə davam etdi və zalda əyləşən insanlar səhnəyə qalxaraq rəqs qruplarının iştirakçılarına qoşulmaqla böyük coşqu yarandı.
Konqresin ikinci günündəki tədbirləri (noyabrın 24-də) NDU-nin Konservatoriyasının binasında bir neçə seksiyaya bölünməklə, Qərbi Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə aid olan, biri-birindən maraqlı faktlarla zəngin məruzələrin dinləməsilə konqres öz işini davam etdirdi. Konqresdə digər nüfuzlu təhsil ocaqların nümayəndələrilə yanaşı, Ü.Hacıbəyli adına BMA-da elm və yaradıçılıq işləri üzrə preroktoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Qərbi Azərbaycan yallılarının erməni plagiatına məruz qalmasının elmi araşdırması” mövzusunda məruzə ilə çıxış etdilər. Professor-müəllim heyətinin, eyni zamanda tələbə və maqistrların böyük diqqətinə səbəb olan məruzələr iştirakçılarda müxtəlif suallar doğuraraq diskussiyalara səbəb oldu.
Qeyd etməliyəm ki, olduqca mükkəməl təşkil olunmuş I festival-konqres bütün iştirakçıların ürəyincə oldu və konservatoriyanın akt zalında rektor Elbrus İsayev bir daha bu möhtəşəm tədbirə qatılan iştirakçılara minnətdarlığını bildirərək gələcək konfranslarda görüşmək ümidi ilə çıxışını bitirdi.
Öz növbəmizdə, biz də Naxçıvan Konservatoriyasında fəaliyyət göstərən professor-müəllim heyətinə qonaqpərvərliyə görə təşəkkürümüzü bildirərək, gələcəkdə onları BMA-da keçirilən konfranslarda görmək istəyimizi bildirdik və çox xoş təəssüratlarla Bakıya döndük.
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
“Tərəqqi” medalının mükafatçısı
Nuridə İsmayılzadə