21 noyabr 2023-cü il
21 noyabr 2023-cü il tarixində Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” adlı kitabının təqdimatı keçirildi.
Tədbirdə elm və yaradıcılıq işləri üzrə prorektor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor, xalq artist,
professor Yeganə Axundova, elmit-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Azərbaycanın xalq artisti, professor Ramiz Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, qonaqlardan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Vüqar Məmmədov, Mədəniyyət Nazirliyinin “Kitab sənayesi şöbəsi”nin məsləhətçisi Kamran Musayev, Milli Məclisin “Mədəniyyət Komitəsi”nin eksperti Əkbər Qoşalı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Natiq İsayev, Azərbaycan Respublikası Diaspora ilə iş üzrə Dövlət Komitəsindən “Diaspora Dəstək Fondu”nun direktor müavini Şahin Camalov, “Qərbi Azərbaycan icması”nın Dərələyəz mahalı üzrə koordinatoru İman Məmmədov, kitabın layihə rəhbəri “Qərbi Azərbaycan İcması”ndan Paşalı rayonu icmasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, Qərbi Azərbaycan Dərələyəz mahalı, Keşkənd icmasının sədr müavini, iş adamı Məhəmməd Rəsuloğlu, kitabın nəşrinə maliyyə dəstəyi göstərən Qərbi Azərbaycanın Dərələyəz mahalı Paşalı rayonu, Gülüstan kənd icma sədri, iş adamı Ələsgər Haqverdiyev, Qərbi Azərbaycan İcmasının şöbə müdiri Miraslan Bəkirli və Müslüm Muradov, eləcə də elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak etdilər.
Ön söz Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə verildi. Gülnaz xanım öz çıxışında torpaqlar üzərində hakimiyyət qazanmanın ideoloji faktoru mövzusuna toxunaraq milli irsimizin erməniləşdirilməsinə qarşı olan dönəmdə ideoloji bazanın önəmini vurğuladı. Gülnaz Abdullazadə çıxışının davamında ideoloji sektorun möhkəmləndirilməsində görüləcək addımlardan biri olaraq milli musiqimizin incilərindən olan və bizə etnik kökənimizdən miras qalan musiqi əsərlərimizin qorunmasından və bu səbəbdən Qərbi Azərbaycan yalıllarının mövcudluğunun təsdiqlənilmləsiylə bağlı görülən işlərdən söz açdı. Məhz bu məqsədlə aparılan tədqiqatların ilkin nümayəndələrindən olan sənətşünaslıq üzrə elmlər doktoru, professor Səadət Abdullayevanın və sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimovun yaratdığı qədim milli alətlər ansamblı vasitəsilə başlayan bu ənənənin davamçısı olaraq elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə tərəfindən davam etdirilməsi ilə bağlı məqamlara toxunuldu.
Növbəti çıxış, elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə kitabın azərbaycan dilində çap olunan versiyası ilə yanaşı ingilis və rus dilində tərcümə olunmaqla daha geniş auditoriyaya çatdırılmasını yüksək səviyyədə qiymətləndirdi. Nuridə İsmayılzadə aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin uzun illər apardığı tədqiqatlar əsasında əldə etdiyi 500-dən çox rəqs melodiyalarının əhəmiyyətini, onların öyrənilməsi və notlaşdırılması sahəsində alimin yorulmaz zəhmətini xüsusi qeyd etdi. Nuridə xanım eyni zamanda erməni plagiatının başlanğıcı kimi XIX əsrin sonu daşnaq erməni partiyasının yaranmasını və zaman keçdikcə bu barədə davam edən tarixi saxtalaşdırılma, ədəbiyyata əl gəzdirmə problemləri ilə yanaşı musiqi mədəniyyətimizə də ermənilər tərəfindən əl uzadılmasını vurğuladı.
Rauf Bəhmənli öz çıxışında 2022-ci ildə azərbaycan dilində çapdan çıxmış “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” adlı kitabının məhz Qərbi Azərbaycan İcması tərəfindən rus və ingilis dillərinə tərcümə olunaraq yenidən nəş olunmasını əlamətdar hadisə kimi qeyd edərək, həmin təşkilatın rəhbərliyinə öz minnətdarlığını bildirdi. Müəllif bu kitabların gələcəkdə xarici ölkələrə göndərilərək ictimailəşməsini, rusdilli və ingilisdilli xalqlara çatdırılması və orada təbliğ edilməsini ən aktual məsələ olduğunu qeyd etmişdir. R.Bəhmənli kitabın əlamətdar bir amili kimi erməni plagiatının ifşa olunması ilə yanaşı Qərbi Azərbaycan bölgəsinə aid 43 yallının notlaşdırıldığını bildirərək, təşkil olunan tədbirdə bu yallıların artıq yaddaşlardan silinməkdə olan 3-nün (“Ağbulaq”, “Çəmənkənd” və qədim adı “Babacan” olan “Teymur ağa” yallıları) video-yazısını təqdim etdi. Rauf Bəhmənli kitabında qeyd etdiyi kimi yallıların yaranma tarixindən, onların ermənilər tərəfindən necə mənimsənildiyindən nümunələr gətirərək, bu saxtakarlıqları ifşa edən faktlarla bağlı auditoriyanı məlumatlandırdı.
Tədbirdə qonaqlar da öz məruzələrində ilkin olaraq Qərbi Azərbaycanın musiqi mədəni əhəmiyyətindən söz açıb, təqdim olunan kitabın mədəniyyətimizin araşdırılması, tətbiqi və təbliği baxımından çox müasir kitab olması ilə bağlı fikirlər səsləndirdilər. Məruzəçilərin çıxışları məhz ermənilərin Azərbaycan torpaqlarının işğalı ilə bağlı qeyri-maddi-mədəni abidələrimizə qarşı olan vandal hərəkətlərinə verilən elmi-siyasi cavabları idi.
Tədbirin sonunda Rauf Bəhmənli, elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova, elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadəyə, qonaqlara, elmi-tədqiqat laboratoriyasının əməkdaşlarına öz dərin minnətdarlığını bildirdi. Eyni zamanda bütün iştirakçılar, qonaqlar Rauf Bəhmənlini təbrik edərək ona yaradıcılıq uğurları arzuladılar.
Elmi tədqiqat laboratoriyasının
aparıcı elmi işçi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, dosent
R.A.Süleymanova