15 noyabr 2023-cü il
Azərbaycan Bəstəkarlar İttifaqında Arif Məlikovun xatirəsi anıldı
15 noyabr 2023-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli Azərbaycan bəstəkarı, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı, "Şərəf nişanı", "Şöhrət", "İstiqlal", "Heydər Əliyev" ordenli, akademik Arif Cahangir oğlu Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova görkəmli sənətkarın əziz xatirəsinə ithaf olunan tədbiri açıq elan edərək onun həyat və yaradıcılığının əsas məqamlarına toxundu. O, eyni zamanda, bu dahi şəxsiyyətin Zemfira xanımın öz həyatında da əhəmiyyətli rol oynadığından danışdı, onunla bağlı bəzi xatirələrini paylaşdı. Zemfira Qafarova qeyd etdi ki, Arif Məlikov 1990-cı ildə Qanlı yanvar faciəsinə biganə qalmayaraq, müdrik siyasətçi kimi tribunalaradan öz sərt sözünü söyləyən, bununla qane olmayıb zindandan günahsız insanları azad etməyə nail olan və bu haqda sənədli kitab ərsəyə gətirən vətənpərvər kimi özünü göstərmişdir.
Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Xatirələrdə yaşayan böyük bəstəkar” adlı məruzəsində Arif Məlikovun böyük şəxsiyyət olduğunu, ətrafında olan insanlara daim kömək etdiyini xüsusi vurğuladı. İmruz xanım hətta onun özünün fəaliyyətində də bəstəkardan dəstək aldığını söylədi.
Arif müəllimin sinfinin məzunu Əməkdar müəllim, dosent Lalə Cəfərova Arif Məlikovun balet yaradıcılığından danışdı. Balet musiqisi haqqına nəşr olunmuş kitabını Bəstəkarlar İttifaqının sədri, əməkdar incəsənət xadimi, professor Firəngiz Əlizadəyə təqdim etdi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Arif Məlikovun parlaq məzunlarından biri Pikə Axundova qayğıkeş müəllimindən öyrəndiklərini bölüşdü, onun dərslərindən, tələbəsi olaraq müşahidə etdiyi əsərləri üzərində iş prosesi və rəngarəngliyi ilə fərqlənən simfonik musiqisi haqqında ətraflı məlumat verdi. Çıxışında Pikə xanım Arif müəllimin rəsm tablolarından da bəhs etdi, rəsm əsərləri ilə bağlı maraqlı məqamlara nəzər saldı.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, “Arif Məlikov – tarix və müasirlik” adlı kitabın müəllifi Aytən İbrahimova “Arif Məlikovun kamera-vokal əsərləri” mövzusunda çıxış etdi, bəstəkarla bağlı yaradıcı münasibətlər haqqında danışdı, onun gözəl və parlaq əsərlər müəllifi, rəssam, pedaqoq olmaqla yanaşı duyğulu insan olduğunu vurğuladı. Aytən xanım Arif müəllimin türk şairi və dramaturqu Nazim Hikmətlə olan dostluğundan bəhs etdi və bu isti yaradıcılıq münasibətlərin nəticəsində dahiyanə əsərlərin – balet, vokal və simfonik musiqinin yaranması haqqında danışdı. O, qeyd etdi ki, Arif müəllimlə kafedrada işlədiyi müddətdə onu həm yaradıcı insan, həm pedaqoq, həm də rəhbər kimi fəaliyyətini yaxından izləmişdir. Aytən xanım çıxışında bəstəkarın əsərlərini təhlil edərkən onunla çox ünsiyyətdə olduğunu və kitab üzərində işləyəndə onun bütün məsləhət və təkliflərini nəzərə aldığını vurğuladı. Müəllif qeyd etdi ki, kitabda bəstəkarın həyat və yaradıcılığı, onun kamera-instrumental və kamera-vokal əsərlərinin təhlili, sonuncu bölümdə isə tələbələrinin düşüncə və xatirələri əks olunmuşdur. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Şərq – Qərb" nəşriyyatında çap olunan kitabı Aytən xanım Firəngiz Əlizadəyə və Bəstəkarlar İttifaqına hədiyyə etdi.
Bəstəkarın daha bir tələbəsi Əməkdar müəllim, dosent Arzu Məmmədova “Arif Məlikov haqqında xatirələrim” mövzusunda məruzə etdi və müəllimi haqqında xoş sözlər söylədi. Arzu xanım öz çıxışında duyğulu hisslərlə müəllimini anarkən səmimi xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Bəstəkarın zəngin daxili aləminin təcəssümünü əks etdirən yaradıcılığından, onun pedaqoji prinsiplərindən bəhs etdi.
Hamı öz çıxışlarında bəstəkarın xatirəsini yad edib, onunla bağlı gözəl fikirlərini bildirərək, ona olan sevgi və ehtiramı ətrafdakılara aşıladılar.
Çıxışlar Arif Məlikovun əsrarəngiz musiqisi ilə həmahənglik təşkil edərək tədbirə xüsusi rəng qatdı. Öncə Əməkdar artist Nərgiz Kərimovanın özünəməxsus ifasında Svetlana Əhmədovanın müşayiəti ilə bəstəkarın Nazim Hikmətin sözlərinə yazılmış “Sən” və “Yenə sənin haqqında” iki romansı səsləndi. Daha sonra Beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (fleyta) və Zərif Kərimovanın (piano) təfsirində Fleyta və orkestr üçün Konsertino dinləyicilərə təqdim olundu. Tədbirin son musiqi nömrəsi dünyanın 60-dan artıq böyük səhnələrində tamaşaya qoyulmuş “Məhəbbət əfsanəsi” baletindən Qızların rəqsi yeni və maraqlı bir ifada – Sevinc Kərimovanın müşayiəti ilə Beynəlxalq müsabiqələr laureatı kanon ifaçısı Rəna Mirağayevanın çalğısında səsləndi.
Konfransın yekununda çıxış edən görkəmli bəstəkarın qardaşı qızı, Əməkdar artist, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Nigar Məlikova əmisi ilə bağlı xatirələrini yada salaraq qeyd etdi ki, Arif Məlikov həm ailədə, həm də işində çox ciddi və tələbkar idi. Yekun olaraq Nigar xanım bu tədbiri təşkil edən Firəngiz Əlizadəyə və Zemfira Qafarovaya, həmçinin bütün iştirakçılara təşəkkürünü bildirdi.
A.İbrahimova
musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru