19 sentyabr 2023-cü il
Arif Məlikov: tarix və müasirlik
19 sentyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində 18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” kitabının təqdimatı keçirilmişdir.
Kitabın baş redaktoru: SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, elmi redaktoru: Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Qafarovadır.
Kitabda bəstəkarın kamera-instrumental, kamera-vokal əsərlərin kompleksli təhlili və obrazlı-emosional icmalı verilir. Burada fortepiano prelüdləri, pyesləri, “Ötəri anlar” silsiləsi, “Təzadlar” fortepiano pyesi, iki royal üçün skerso, solo violin üçün sonata, violin və fortepiano üçün skerso, Nazim Hikmətin sözlərinə bəstələnmiş üç romans silsiləsi, Almas İldırımın sözlərinə yazılmış “Azəbaycan” balladası nəzərdən keçirilmişdir.
Görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı, professor, akademik Arif Məlikovun 90-illik yubileyi ərəfəsində keçirilən bu təqdimat musiqi həyatımızda əlamətdar hadisəyə çevrildi. Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri çıxış edirdilər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, direktor müavini Təranə Zeynalova, Qara Qarayev Ev Muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova tədbirin qonaqlarını salamlamışlar. Kitabın müəllifi, Aytən İbrahimova çıxış edərək Arif Məlikovun yaradıcılığının müxtəlif istiqamətlərindən – bəstəkarlıq, pedaqoji, ictimai fəaliyyətindən, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolundan danışmaqla yanaşı, onunla birgə çalışdığı zamanın xoş, əziz xatirələrini dinləyicilərlə bölüşdü. O cümlədən, tədbirdə “Arif Məlikov: tarix və müasirlik” kitabının elmi redaktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova çıxış etmişlər.
Bədii hissədə Əməkdar artist Nərgiz Kərimova (vokal), Svetlana Əhmədova (fortepiano), Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Mətanət Nurullayeva (fortepiano), Respublika və Beynəlxalq müsabiqələr laureatı Humay Hacızadə (violin), Tomris Hüseynova (fortepiano), Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Nərgiz Əliyeva (fleyta), Bakı Musiqi Akademiyasının müəllimi Zərif Kərimova (fortepiano) Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər. Tədbirdə “Məhəbbət əfsanəsi” baletindən, Səkkizinci “Əbədiyyət” simfoniyasından videoyazılar, Ümummili lider Heydər Əliyevin Arif Məlikova “İstiqlal” ordeni təqdimatından sənədli kadrlar nümayiş olunmuşdur.
Musiqişünas Tutu Hüseynova