15 sentyabr 2023-cü il
15 sentyabr Bilik günü ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında bu Ali təhsil ocağına qəbul olmuş birinci kurs tələbələri ilə görüş keçirildi.
Görüşdə Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva hər kəsi salamlayaraq, tələbə adını qazanmış gənc musiqiçiləri təbrik edib, uğurlar arzu etdi.
O, həmçinin bu ilki tədris ilinin əhəmiyyətli olduğundan - müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” olaraq qeyd edildiyindən söz açdı. Nərminə xanım bu əlamətdar ildə silsilə tədbirlərin, konsertlərin, festivalların və müsabiqələrin keçirildiyini və davam etdirildiyini qeyd etdi. O, Bütün gənc ifaçıların bu silsilə tədbirlərdə fəal iştirak etməyə, musiqi mədəniyyətimizi layiqincə təbliğ etməyə səslədi.
Eyni zamanda N.Quliyeva Baloniya sistemi haqqında, onun tələbləri, strukturu, qayda-qanunları barədə tələbələri məlumatlandırdı.
Ardınca digər prorektor və dekanları tələbələrə təqdim edib, sözü Yeganə Axundovaya və Tərlan Quliyevə verdi.
Hər iki aparıcı sima - Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova və BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyev öz növbələrində birinci kurs tələbələrini təbrik edib, onlara gələcək təhsil illərində müvəffəqiyyətlər arzuladılar.
Yeganə xanım Beynəlxalq əlaqələr şöbəsinin iş xüsusiyyəti, Bakı Musiqi Akademiyasındakı rolu və əhəmiyyətindən danışaraq, tələbələri bu istiqamətdə ətraflı şəkildə məlumatlandırdı.