22 iyun 2023-cü il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında 22 iyun 2023– cü il tarixində elmi işçi Nazlı Mustafayeva Süleyman Ələsgərovun “Milyonçunun dilənçi oğlu” musiqili komediyası mövzusunda elmi seminar keçirdi.
Məruzəçi öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar, Respublika Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, professor Süleyman Ələsgərovun yaradıcılığının böyük bir hissəsini musiqili-səhnə əsərləri təşkil edir. S.Ələsgərov komediya janrında özünəməxsus üslubda işləyən və öz dəsti-xəttinə malik olan bir bəstəkardır. Bəstəkarın bütün komediyaları öz rəngarəng məzmunu, obrazların xarakterini açmaq üçün zəngin bədii formalardan istifadə edilməsi ilə səciyyələnir.
N.Mustafayeva daha sonra haqqında söz açdığı “ Milyonçunun dilənçi oğlu” musiqili komediyasının yaranması və səhnə tarixi haqqında məlumat verərək qeyd etdi ki, əsər rus dilinə də tərcümə olunmuş, teatrın rus truppası tərəfindən də ifa olunaraq, Respblika Dövlət mükafatına layiq görülmüşdür. Vaxtilə tamaşada Azərbaycan səhnəsinin ən məşhur aktyorlarından Bəşir Səfəroğlu, Lütvəli Abdullayev kimi tanınmış aktyorlar çıxış etmiş, yadda qalan obrazlar yaratmışlar. Məruzəçi öz çıxışında tamaşanı ətraflı təhlil etdi və seminar çox maraqla dinlənildi.
Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Azərbaycanın xalq artisti, professor Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Ramiz Quliyev, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, böyük elmi işci Zeynal İsayev və elmi tədqiqat laboratoriyasının digər əməkdaşları çıxış edərək seminar haqqında öz dəyərli fikir və mülahizələrini bölüşdülər.
Kiçik elmi işci Sevda İsayeva