8 iyun 2023-cü il
Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasında 2023-cü il 8 iyun tarixində kiçik elmi-işçi Sevda İsayevanın “Akustikanın tarixi. Akustik ekologiya və küy çirklənməsi” mövzusunda seminarı keçirilmişdir.
Akustik tədqiqatların tarixindən danışan məruzəçi bu tədqiqatların və müşahidələrin musiqi sənətinin yaranması və musiqi alətlərinin meydana gəlməsi üçün əsas olduğunu söylədi. Akustika səs haqqında elm olduğu üçün o, səsin gurluğu, amplitudu, yüksəkliyi və tezliyi haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra Sevda İsayeva akustikanın istiqamətləri haqqında məlumat verdi.
Hal-hazırda bəşəriyyəti narahat edən qlobal problemlərdən birinin- yer kürəsində ekoloji durumun təhlükəli hal aldığını vurğulayan məruzəçi, daha sonra seminarı akustik ekologiya və səs-küy çirklənməsi mövzusunda davam etdirdi.O, həm də küy çirklənməsinin şəhər mühitində geniş yayılması və insanların sağlamlığına, psixoloji durumuna pis təsirinə aid qısa videoçarxlar nümayiş etdirdi.
Sonda Sevda İsayeva Bakı şəhərinin əhalisi arasında küy çirklənməsi haqqında keçirtdiyi müsahibəni seminar iştirakçılarına təqdim etdi.
Seminarın sonunda BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçiyə öz məsləhətlərini verib uğurlar arzuladı. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, aparıcı elmi işçi , bəstəkarlar ittifaqı idarə heyətinin üzvü Rüfət Ramazanov, böyük elmi işçi Zeynal İsayev və elmi tədqiqat laboratoriyasının digər əməkdaşları seminar haqqında öz dəyərli fikir və mülahizələri ilə bölüşdülər.
Nazlı Mustafayeva, elmi işçi, doktotant.