• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 may 2023-cü il

    Ənənələr davam edir

    10 may. Bu gün tarixi bir gün, tarixi şəxsiyyət, Heydər Əliyevin doğum günü. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə növbəti tədbir Orta ixtisas musiqi məktəb-studiya tərəfindən həyata keçirildi. İllər öncə professor Tərlan Seyidovun layihəsi ilə reallaşan elmi-ifaçılıq konfransı hər il olduğu kimi, bu il də şagirdlərin iştirakı ilə öz mahiyyətinin yüksək təfsirini verdi. Burada müəllimlər şagirdlərə əsərin ifa xüsusiyyətləri ilə bərabər, onun nəzəri təhlilini və elmi kontekstdə mövqeyini aşılamışlar. İlk addımlardan kiçik ifaçıların bu qədər geniş bilgi ilə tanış olması onların gələcək yaradıcılıqlarında öz sənətlərinin sirlərinə yaxından bələd olmasına sövq edir və bu yolda uğur qazanacaqlarından xəbər verir.

    Musiqi əsərləri hər hansı bir məzmunu, obrazı ifadə edir. Məzmun isə janrından asılı olaraq əsərin formasında təşkil olunur. Forma məzmuna təsir edir, onun bədii-estetik təsirini gücləndirir. İfaçı əsərin məzmununu açıb, obrazını göstərmək üçün onun inkişafını, xarakterini duyaraq ifa edir. Lakin nəzəri cəhətdən formanın, cümlələrin, hissələrin, məqamların dərk edilərək, izahı ilə ifa edilməsi ifaçı qədər dinləyicinin də əsərlə daha yaxından tanış olmasına imkan verir və akademik bir musiqi mühiti yaradır. Məhz T.Seyidovun layihəsi ilə həyata keçirilən bütün təlim-təhsil prosesləri yüksək səviyyəli musiqi mühitinin yaranmasına xidmət edir.

    Sözügedən tədbir məktəb-studiyanın böyük elmi işçisi Şəfəq Hacıyevanın çıxışı ilə açıq elan edildi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev ili” elan etməsi ilə əlaqədar keçirilən tədbirlərdən danışaraq, dahi şəxsiyyəti lider kimi səciyyələndirməklə bərabər, onun mədəniyyət və incəsənətə verdiyi qiymətdən, göstərdiyi qayğıdan söz açdı. Ş.Hacıyeva Ulu öndərin bu fikirlərini səsləndirdi: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimz nailiyyəti heç vaxt unutmamalıyıq”.

    Əməkdar müəllim Nərgiz Mansurovanın fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Araş Seyfpour Saad F.Şopenin “Unudulmuş vals” (a moll) və 5-ci sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı Hüseyn Quliyev F.Şubertin “Ekspromt” (Es dur) əsəri ilə çıxış edərkən ilk növbədə bəstəkarların yaradıcılıqlarında üstünlük təşkil edilən janrların adlarını qeyd etdilər, sonra əsərlərin əsas romantik xüsusiyyətlərini vurğuladılar.

    10-cu sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı Şəhla Yusibova Q.Qarayevin VII prelüdünü (A dur) təqdim etdi (müəllim N.Mansurova). Bəstəkarın polifonik yazı üslubunda bəstələdiyi VII Prelüdü Azərbaycan musiqisi nəzəriyyəsi ilə əsaslandığı Azərbaycan məqamının təhlili ilə nümayiş olundu. Mürəkkəb yazı texnikasında fəslin bugünkü xoş əhvalı ilə səsləşən əsərin şərhi dinləyicələrin ruhunu oxşadı.

    Məktəb-studiyanın nəzəri fənnlər üzrə müəllimi Rəna Məmmədovanın fortepiano ixtisası üzrə 4-cü sinif şagirdləri – Sara Hacıyeva balet janrına müraciət edərək P.Çaykovskinin “Şelkunçik” musiqi əsərindən bəhs etdi, Cəmilə Sadıxova marş musiqisindən, 5-ci sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı Maryam Qədimova isə F.Şopenin fortepiano yaradıcılığı haqqında məruzə etdi. Adı çəkilən janrların Azərbaycan, o cümlədən digər xalqlarda ilk və məşhur bəstəkarların yaradıcılıqlarında yer almış nümunələrindən söz açıldı.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahmova və Naira Qulamovanın şagirdləri – violin ixtisası üzrə 8-ci sinif şagirdi Səid Güləliyev F.Əmirovun “Xatirə” poeması, 11-ci sinif şagirdi Yasəmən Əhədova isə violin alətində A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” əsərini ifa etdilər. Hər iki şagirdi məktəb-studiyanın təcrübəçi-tələbəsi Elmar Hüseynov müşayiət etdi. Beynəlxalq müsabiqə diplomantı 11-ci sinif şagirdi Xatun Quliyeva da A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi” musiqi nömrəsi ilə çıxış etdi. “Xatirə” əsərinin təhlilində biz fonda dahi bəstəkarımız Üzeyir Hacıbəyli və Fikrət Əmirovun portretlərini izlədik. Şagird əsərin xarakter və formasının təhlili ilə bərabər Fikrət Əmirovun dahi bəstəkar Üzeyir bəyin vəfatından təsirlənərək yazmasını qeyd etdi. Beləliklə, bu əsərin kədərli xarakterinin haradan qaynaqlandığı gənc ifaçıyla bərabər dinləyicilərə də məlum olur.

    A.Məlikovun baletlərinə müraciət edən şagirdlər bəstəkarın rəngarəng, çoxşaxəli yaradıcılığında balet və simfoniya janrının üstünlüyünü vurğuladılar. Eyni zamanda A.Məlikovun Ulu öndər Heydər Əliyevə ithaf olunmuş “Əbədiyyət” adlı VIII simfoniyası da xatırlandı. Əbədiyyətə qovuşan məhəbbət mövzusunda bəstələnmiş baletlərdən məruzə edərkən, şagirdlər, bu ülvi hissin tərənnüm olunmasında hansı harmoniyanın üstünlük təşkil edilməsindən də məlumat verdilər.

    Nərminə Əliverdizadənin fortepiano ixtisası üzrə 6-cı sinif şagirdi Beynəlxalq müsabiqə laureatı Əsəd Quluzadə Y.Vanxalın Lya major sonatasını təqdim etməzdən əvvəl, bəstəkarın yaradıcılığına nəzər salır. Sonra əsəri təhlil etdikcə cümlə-cümlə ifa edərək istifadə olunan məqamların əsərin xarakterilə əlaqəsindən, hissələrinin tonallıqlarından danışır.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva və Şəfəq Hacıyevanın çello ixtisası üzrə 8-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr diplomantı Əbdülfariz Məmmədzadə İ.S.Baxın Birinci süitadan prelüdünü ifa edərək həmin əsərin xüsusiyyətlərindən danışdı.

    Şəfəq Hacıyeva və Arzu Rzayevanın violin ixtisası üzrə 8-ci sinif şagirdi, Respublika müsabiqələr diplomantı Şəhla Qazıyeva məktəb-studiyanın təcrübəçi-tələbəsi Məryəm Vəliyevanın müşayiəti ilə P.Çaykovskinin “Qu gölü” baletindən rus rəqsini ifa etdi.

    Əsərlərin xarakteri, ayrı-ayrı hissələri, ümumi ab-havasından söz açan şagirdlərin təkcə elmi biliklərini deyil, onların səhnə mədəniyyəti, çıxışlarında səs tonunun düzgün idarə etməsilə dinləyicilərə emosional təsirin ötürmə qabiliyyətlərini də qeyd etməliyik.

    Sonda məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Sevda Məmmədova iştirak edən şagird və müəllimləri təbrik edib öz təşəkkürünü bildirdi. O, uzun illər çiyin-çiyinə çalışdığı ustadı, məktəb-studiyanın yaradıcısı mərhum Tərlan Seyidovun layihəsinin bir daha həyata keçirilməsinin mühüm hadisə olduğunu vurğuladı və tədbirin keçirilməsində əməyi keçən hər kəsə – müəllim, konsertmeyster, şagird və təşkilatçılara sertifikatlar təqdim etdi.

    Ümumilikdə, bu tədbirin müəllimlər, şagirdlər, bütünlüklə musiqiçilər üçün əhəmiyyətini anlayaraq, təqdirəlayiq hadisə kimi alqışlayırıq.

     

    BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi,

    AMEA-nın elmi işçisi,

    musiqişünas Tutu Hüseynova