26 aprel 2023-cü il
“Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı Respublika elmi-praktiki konfransı keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev zalında 26 aprel 2023-cü il tarixində “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı Respublika elmi-praktiki konfransının açılışı baş tutdu. Konfrans 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.
Konfransı açıq elan edən Ü. Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə iştirakçıları salamlayaraq, konfransın Ulu öndərin əbədiyaşar xatirəsinə həsr olunmasının mahiyyətindən, Heydər Əliyevin xalqı üçün misilsiz xidmətlərindən söz açaraq, çıxışını dahi şəxsiyyətin həyatı və görkəmli incəsənət xadimləri ilə görüşlərini əks etdirən videoçarx ilə davam etdirdi.
Giriş sözü ilə çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, professor Fərhad Bədəlbəyli qeyd etdi ki, biz Heydər Əliyevi millətimizə, xalqımıza olan hədsiz məhəbbətinə görə sevmiş və dəstəkləmişik. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev yekdilliklə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, böyük bir qayıdış idi. Azərbaycan çox çətin günlərini yaşayırdı. Tarixi qayıdış hər sahədə olduğu kimi, mədəniyyətin də tərəqqisinə səbəb oldu. Dahi şəxsiyyətin diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yeni yüksəliş dövrünə qədəm qoydu.
Çıxışlara keçməzdən öncə iki musiqi nömrəsi : gənc bəstəkar, elmi işçi İ.Qismətin “Sən Dahisən” odası və T.Cəbrayılovun Zərifə xanım Əliyevaya ithaf olunmuş “Müqəddəslər yaşayırlar” xor əsəri səsləndirildi.
Daha sonra Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsnət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə çıxış edərək elmi – tədqiqat laboratoriyasının dəyərli əməkdaşı, tanınmış musiqişünas Ariz Abduləliyevin vəfatından sonra dərc olunmuş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyətinin inkişafı məsələləri” adlı kitabı haqqında düşüncələrini qeyd etdi və mərhumun həyət yoldaşına gül dəstəsi təqdim edildi.
Plenar iclasda çıxış edən Ü.Hacıbəyli adına BMA-nın “Solo oxuma və opera hazırlığı “ kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, professor Xuraman Qasımova, Azərbaycan Respublikasının Xalq artisti, professor, baş elmi işçi Ramiz Quliyev Ulu öndər haqqında unudulmaz xatirələri ilə konfrans iştirakçıları ilə bölüşdülər. Hər iki sevimli sənətkar haqqında Heydər Əliyevin söylədiyi dəyərli fikirlər videoçarxlarda nümayiş etdirildi.
Ü.Hacıbəyli adına BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundovanın, “Tarix- nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudovanın, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın, Xalq artisti, dosent Zümrüd Məmmədovanın, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin və digər müəllim-tələbə heyətinin iştirakı ilə konfransda məruzələr dinlənildi. Sonda bütün iştirakçılara sertifikatlar təqdim edildi.
Mehparə Rzayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent, aparıcı elmi işçi.