• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel 2023-cü il

    25 aprel 2023-cü il tarixində Bakı Musiqi Akademiyasında İzabella Abezqauzun 100 illik yubileyinə həsr olunmuş Respublika Elmi-Praktiki konfrans keçirilmişdir. Bu parlaq şəxsiyyətin, istedadlı alimin, pedaqoqun həyat və yaradıcılığı XX əsrin 50-80-ci illəri, Azərbaycan musiqi mədəniyyəti tarixində misilsiz yüksəliş dövrü ilə bağlı olmuşdur.

    1954-1988-ci illərdə o, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, bir çox musiqiçilər nəslinin yetişməsində böyük rol oynamışdır. İ.Abezqauz Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Cövdət Hacıyevin, Fikrət Əmirovun, Xəyyam Mirzəzadənin və başqa Azərbaycan bəstəkarlarının yaradıcılığını tədqiq etmiş, XIX əsr rus klassiklərinin oriyental yaradıcılığının təhlili üçün öz metodologiyasını işləmişdir. Alim “Rus musiqiçiləri Qərb musiqisi haqqında”, “Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması”, “Azər Rzayev”, “Həsən Rzayev”, “Cövdət Hacıyev” broşürlərinin, “Koroğlu” operası” (bəstəkarın bədii kəşfləri haqqında) monoqrafiyalarının, habelə “ADK-nın Elmi Əsərlər” və “Sovet musiqisi” jurnallarında dərc olunmuş çoxsaylı məqalələrin müəllifidir.

    Konfransın proqramı beş bölmədən ibarət idi: 1. İzabella Abezqauz - 100: Azərbaycan musiqi elmi və təhsili tarixində alimin rolu; 2. Tarixi-nəzəri musiqişünaslığın problemləri; 3. Müasir ifaçılıq mədəniyyəti; 4. Şifahi ənənəli musiqinin öyrənilməsinin nəzəriyyəsi və təcrübəsi; 5. Musiqi pedaqogikasının problemləri.

    Konfransda Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun, Bakı Xoreoqrafiya Akademiyasının alimləri iştirak ediblər. Musiqi elminin mühüm problemlərinin müzakirəsinə təkcə elmi işçilər, elm və təhsil müəssisələrinin müəllimləri deyil, gənc mütəxəssislər - doktorantlar və aspirantlar da qoşulmuşlar.

    Azərbaycanın Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, BMA-nın Musiqi tarixi kafedrasının müdiri Ülviyyə İmanova tədbir iştirakçılarını salamladı. O, çıxışında alimin çoxşaxəli portretini təqdim etdi, müəlliminin pedaqoji prinsiplərini açıqladı. Konfransda çıxış edənlər arasında fəlsəfə doktoru, professor Gülnaz Abdullazadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor İmruz Əfəndiyeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları, professorlar Zümrüd Dadaşzadə və Lalə Rzayevanın, həmçinin  sənətşünaslıq üzrə fəlsəfə doktorları İnna Pazıçeva, İradə Hüseynova, Minaxanım Babayeva,  baş müəllim Alyona İnyakina və bir çox başqalarının məruzələri dinlənildi.

    Konfransın mühüm hadisəsi İ.Abezqauzun əlyazması – doktorluq dissertasiyası ilə tanışlıq olub ki,  “Ü.Hacıbəyovun “Koroğlu operası” kitabında qismən öz əksini tapmışdır. Bu barədə məruzəsində professor Gülnaz Abdullazadə danışmış və qeyd etmişdir ki,  tədqiqat  “Musiqi irsimizdən” layihəsi çərçivəsində çap olunacaqdır.

    Tədbirin təşkilində Tarix-nəzəriyyə fakültəsinin dekanı, Azərbaycanın Əməkdar müəllimi, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, Azərbaycanın Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Musiqi nəzəriyyəsi kafedrasının müdiri Könül Nəsirova, Musiqi tarixi kafedrasının dosenti,  sənətşünaslıq üzrə fəlsəfə doktoru İnna Pazıçevanın böyük rolu olmuşdur.