• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 aprel 2023-cü il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının elmi işçisi, Bəsti Kazımovanın “Səid Rüstəmovun yaradıcılığında milli musiqi alətlərinin istifadəsi” adlı mövzusunda elmi seminarı keçirildi.

    Bəsti Kazımova öz çıxışında Azərbaycan musiqi mədıniyyətinin tarixində dərin iz qoyub getmiş bəstəkar , dirijor , müəllim , ictimai musiqi xadimi kimi şöhrət tapmış respublikanın xalq artisti , SSRİ Dövlət mükafatı laureatı , professor Səid Rüstəmovun özünəməxsus üslubundan söz açdı və Səid Rüstəmovun yaradıcılığında milli musiqi alətlərinin , xüsusəndə tar alətinin rolunun xüsusi olduğunu qeyd etdi.

    Məruzəçi bəstəkarın xalq çalğı alətləri orkestrində göstərdiyi fəaliyyətindən danışarkən onun orkestr üçün yazılmış bir sıra “Bayatı–Kürd” fantaziyası , “ Sevinc rəqsi” ,  “Qızıl əsgər yürüş mahnısı” ,  “Cəngi”, “Qəhrəmani”, “Dahi Rəhbər” əsərlərinin adlarını sadaladı.

    Bəsti Kazımova çıxışının davamında Səid Rüstəmovun pedaqoji fəaliyyətindən söz açarkən onun rəhbərliyi altında Ağabacı Rzayeva , Əhsən Dadaşov , Hacı Xanməmmədov , Adil Gəray Məmmədbəyov , sonralar Oqtay Quliyev . Vaqif Əbdülqasımov , Məmmədağa Kərimov , Nazim Quliyev , Nazim Kazımov , Ağasəlim Abdullayev , Afət Novruzov , Rafiq Musazadə və bir çox sənətkarların yetişib püxtələşməsindən bəhs etdi.

    Məruzəçi Səid Rüstəmovun tədris üçün dəyərli olan “Tar üçün melodik etüdlər” , “ Tar məktəbi “ adlı dərs vəsaitinin çapdan çıxmasını qeyd etdi.

    Bəsti Kazımova bəstəkarın folklorşünas fəaliyyətindən bəhs edərkən onun xalq musiqi nümunələrinin: mahnıların, rəqslərin ,aşıq havalarının nota salınmasını qeyd etdi. Eyni zamanda Səid Rüstəmovun  “Azərbaycan  süitası “ , “ Rəqs süitası “ , “ Xalq çalğı alətləri orkestri üçün konserti” əsərləri haqqında ətraflı məlumat verdi.

    Seminarda ürəklərə yol tapan Səid Rüstəmovun bənzərsiz , təkrarsız əsərlərinin bir çox tanınmış müğənnilərin Rəşid Behbudovun , Şövkət Ələkbərovanın , Gülağa Məmmədovun , Yaşar Səfərovun xalq çalğı alətləri orkestrinin müşayəti ilə ifa etmələri xüsusilə vurğulandı.

    Məruzəçi  Azərbaycan musiqi tarixində ilk dəfə olaraq “Tar ilə xalq çalğı alətləri orkestr üçün konsert”- inin Səid Rüstəmov tərəfindən bəstələnməsini , bəstəkarın dillər əzbəri olan “Oxu tar” , “Alagöz” , “Qurban adına” mahnılarınının tar,  kamança  və başqa musiqi alətlərinə köçürülmələrinin musiqi məktəblərində, kolleclərdə, konservatoriyanın tədris repertuarında əsas yerlərdən birini tutması haqqında izahat verdi.

    Bəsti Kazımova çıxışında qeyd etdi ki , Səid Rüstəmov bütün həyat və fəaliyyəti boyu sevdiyi tar aləti üçün repertuar yaratmaq üzərində düşünmüşdür. Bəstəkarın bu alətə sevgisi onun “Tar ilə xalq çalğı alətləri orkestri üçün konserti”-ndə öz təcəssümünü tapmışdır. Konsertin ilk ifaçısı Kamil İbrahimov olmuşdur. Əsər sonralar respublikanın xalq artisti , professor Ramiz Quliyevin ifasnda böyük uğur qazanmışdır.

    Seminarda Səid Rüstəmovun  respublikanın xalq artisti Şövkət Ələkbərovanın ifasında Səməd Vurğunun  sözlərinə yazılmış “Oxu gözəl”, respublikanın xalq artisti Gülağa Məmmədovanın ifasında Hüseyn Arifin sözlərinə yazılmış “Şeir deyilmi” mahnıları və respublikanın xalq artisti, professor Ramiz Quliyevin ifasında “Qaytağı” əsəri səsləndirildi.

    Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, respublikanın xalq artisti, professor Ramiz Quliyev, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev seminarla bağlı çıxışlarında müəyyən məqamlara toxundular və məruzəçiyə öz dəyərli fikirlərini və məsləhətlərini bildirdilər.

     

    Ruqiyyə Süleymanova

    aparıcı elmi işçi,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent